Xəbərlər

Prezident Kitabxanasında “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik” adlı kitabın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Prezident Kitabxanasında “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik” adlı kitabın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Prezident Kitabxanasında “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik” adlı kitabın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

2026-cı il iyunun 11-də Prezident Kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanın “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik” adlı kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət xanım Abbasova Qərbi Azərbaycan mövzusunun dövlət siyasətinin ən mühüm prioritetlərindən biri olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən bu strateji xəttin elmi əsaslarla təhlili baxımından təqdim olunan monoqrafiyanın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Afət xanım xüsusilə qeyd edib ki, soydaşlarımızın məruz qaldığı soyqırımı, deportasiya və repressiyaların Ümummilli Lider Heydər Əliyevin öz ailəsinin timsalında, onların yaşadıqları acılar fonunda işıqlandırılması əsərin ən təsirli məqamlarındandır.

Daha sonra kitabın mövzusunu, elmi-tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Dəyirmi masada çıxış edən kitabın ideya müəllifi, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Rizvan Nəbiyev, Pərvin Kərimzadə, Məlahət İbrahimqızı, Azər Allahverənov mövzunun aktuallığından bəhs ediblər. Natiqlər kitabın soydaşlarımızın tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq müstəvidə müdafiəsi və gənc nəslin milli yaddaşının qorunması baxımından dəyərli bir mənbə olduğunu qeyd ediblər.

İqtisad üzrə fəlsəfə doktoru, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi Müşfiq Ramazanov, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışlarında əsərin elmi-tarixi əhəmiyyətinə toxunublar. Bildirilib ki, kitabda arxiv sənədləri əsasında Qərbi Azərbaycana dair reallıqlar, deportasiya proseslərinin siyasi-hüquqi aspektləri və Ulu Öndərin bu istiqamətdəki uzaqgörən fəaliyyəti sistemli şəkildə araşdırılıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Vəkilov və professor İbrahim Bayramov isə məsələnin hüquqi və ictimai tərəflərini vurğulayaraq, İcmanın qarşıya qoyduğu hədəflərlə bu cür elmi araşdırmaların paralellik təşkil etdiyini diqqətə çatdırıblar.

Kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova tədqiqat prosesi barədə məlumat verərək, tədbirin təşkilinə görə Prezident Kitabxanasının rəhbərliyinə və iştirakçılara öz dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda çıxış edən professor Afət xanım Abbasova elmi ictimaiyyətə təqdim olunan bu monoqrafiyanın gələcək araşdırmalar üçün mükəmməl baza rolunu oynayacağını qeyd edib və müəllifə yaradıcılıq uğurları arzulayıb.

Kitab haqqında
Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik

Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik

Calalova, Leyla Qadir qızı. Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik / L. Q. Calalova; ideya müəl. M. Hüseynova; elmi red. N. Mustafa; ön sözün müəl. S. Qurbanov; Gəncə Dövlət Universiteti.- Bakı: Elm və təhsil, 2025.- 546 s.