AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri, professor Məryəm Seyidbəyli “Akademiya – sənədlər külliyatı: qərarlar, protokollar, yazışmalar (1920–1991)”, “Azərbaycanda şərqşünaslıq elmi və təhsilinin tarixindən: tarixşünaslıq tədqiqatları və elmi ənənələr” və “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)” adlı nəşrləri Prezident Kitabxanasına hədiyyə edib.
İki cilddən ibarət “Akademiya – sənədlər külliyatı: qərarlar, protokollar, yazışmalar (1920–1991)” nəşrində Azərbaycan Elmlər Akademiyasının fəaliyyətinə dair arxiv sənədləri toplanıb. Birinci cild 1920–1957-ci, ikinci cild isə 1958–1991-ci illəri əhatə edir. Müxtəlif respublika və xarici arxivlərdən əldə edilmiş nizamnamələr, qərarlar, protokollar, fərmanlar, hesabatlar və yazışmalar arasında ilk dəfə elmi dövriyyəyə daxil edilən sənədlər də yer alır. Toplu Azərbaycan Elmlər Akademiyasının fəaliyyət tarixinin və sovet dövründə dövlətin elm siyasətinin araşdırılması baxımından mühüm sənədli mənbədir.
“Azərbaycanda şərqşünaslıq elmi və təhsilinin tarixindən: tarixşünaslıq tədqiqatları və elmi ənənələr” monoqrafiyası milli şərqşünaslığın təşəkkülü və inkişafının, bu sahədə elmi və ixtisas təhsilinin formalaşmasının tarixi və tarixşünaslıq baxımından araşdırılmasına həsr olunub. Əsərdə milli şərqşünaslığın institusionallaşmasının əsas mərhələləri, elmi və tədris məktəblərinin formalaşması, mənbəşünaslıq və mətnşünaslıq istiqamətlərinin inkişafı, elmi nəsillər arasında varislik və metodoloji yanaşmalar təhlil edilir. Həmçinin görkəmli alimlərin Şərq sivilizasiyasının irsinin öyrənilməsinə verdikləri töhfələr və universitet təhsilinin milli tarixi fikrin formalaşmasındakı rolu işıqlandırılır.
“Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)” monoqrafiyasında Monqol imperiyası dövründə Azərbaycanda elm və mədəniyyət, hüquq sistemi, mənəvi həyat, etnik proseslər və dini görüşlər araşdırılır. Nəşrdə, həmçinin həmin dövrün iqtisadi vəziyyəti, Böyük İpək Yolu və ticarət əlaqələri, monqol istilalarına dair ərəb və farsdilli tarixi qaynaqların Azərbaycan tarixşünaslığı üçün əhəmiyyəti təhlil olunur.
Hədiyyə olunan nəşrlər Azərbaycan Elmlər Akademiyasının tarixinin sənədlər əsasında öyrənilməsi, milli şərqşünaslıq elminin inkişaf mərhələlərinin araşdırılması və XIII–XIV əsrlərdə Azərbaycanın tarixi, ictimai və mədəni həyatının tədqiqi baxımından əhəmiyyətlidir. Kitablar tarixçilər, şərqşünaslar və digər tədqiqatçılar üçün elmi araşdırmalarda istifadə oluna biləcək mənbələr kimi Prezident Kitabxanasının fonduna daxil edilib.