Xəbərlər

Azərbaycanın dövlətçilik tarixi və diplomatiyasına dair nəşrlər Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycanın dövlətçilik tarixi və diplomatiyasına dair nəşrlər Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycanın dövlətçilik tarixi və diplomatiyasına dair nəşrlər Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycanın ictimai, dövlət və siyasi xadimi, diplomat və alim Həsən Həsənovun “Birinci Respublikaya aparan yolda” və “Top gurultusu altında diplomatiya. BMT TŞ-nin Qarabağ qətnamələri: gizlinlər və həqiqətlər” kitabları Prezident Kitabxanasının fonduna daxil olub.

“Birinci Respublikaya aparan yolda” kitabında Azərbaycanın və müsəlman dünyasının tarixində ilk demokratik respublikanın yaranmasına aparan proseslər araşdırılır. Müəllif müstəqillik ideyasının formalaşmasını, muxtariyyət təşəbbüslərindən müstəqil respublika quruluşuna keçidi, eləcə də Rusiyada mütləqiyyətin devrilməsindən sonrakı siyasi hadisələrdə Azərbaycanın rolunu müxtəlif mənbələr əsasında təhlil edir. Kitabda dövrün tarixinə dair yeni faktlar və hadisələrin fərqli şərhləri diqqətə çatdırılır.

“Top gurultusu altında diplomatiya. BMT TŞ-nin Qarabağ qətnamələri: gizlinlər və həqiqətlər” kitabı Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin 1992–1993-cü illərdəki fəaliyyətindən bəhs edir. Diplomatın xatirələri əsasında yazılmış əsərdə nümayəndəliyin formalaşması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində diplomatik fəaliyyətin təşkili, habelə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının ilk bəyanat və qətnamələrinin hazırlanması və qəbul edilməsi ilə bağlı proseslər işıqlandırılır.

Kitablar Azərbaycanın dövlətçilik tarixinin və beynəlxalq münasibətlər sistemindəki fəaliyyətinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Nəşrlər ölkənin müstəqillik tarixi, diplomatik təcrübəsi və Qarabağ münaqişəsinin beynəlxalq müstəvidə həlli istiqamətindəki proseslərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.