Naxçıvan Dövlət Universiteti tərəfindən Prezident Kitabxanasına elm və təhsilin müxtəlif istiqamələrini əhatə edən kitablar hədiyyə olunub.
Kitabxanaya təqdim edilən nəşrlər idarəetmə və təhsildə rəqəmsallaşdırma, innovativ yanaşmalar, tibb təhsilinin müasir inkişaf meyilləri, inklüziv təhsil məsələləri, psixologiya sahəsində aktual məsələlər, eləcə də beynəlxalq forum və konqreslər çərçivəsində aparılan elmi müzakirələri əhatə edir. Müxtəlif istiqamətlər üzrə qabaqcıl təcrübələri, müasir yanaşmaları və praktik nəticələri özündə birləşdirən bu kitablar bilik mübadiləsinin genişlənməsi, peşəkar müzakirələrin təşviqi və yeni yanaşmaların yayılması baxımından mühüm əhəmiyyət daşıyır.
Hədiyyə olunan nəşrlər Prezident Kitabxanasının elmi-informasiya resurslarının zənginləşdirilməsi, elm və təhsil sahələri üzrə tədqiqat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Nəşrlər tədqiqatçılar, mütəxəssislər, müəllim və tələbələr, eləcə də aidiyyəti sahələrlə maraqlanan oxucular üçün faydalı mənbə rolunu oynayacaq.
Prezident Kitabxanası dəyərli kitab hədiyyəsinə görə Naxçıvan Dövlət Universitetinə təşəkkürünü bildirir.