Xəbərlər

Prezident Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Prezident Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Prezident Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

5 noyabr 2026-cı il tarixində 132–134 nömrəli liseyin müəllim və şagirdləri Prezident Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçiriblər. Tədbirdən əvvəl qonaqlar kitabxananın fəaliyyəti və əsas iş istiqamətləri barədə məlumat əldə ediblər.

Tədbiri giriş sözü ilə açan 132–134 nömrəli liseyin Azərbaycan dili müəllimi Ülviyyə Nağıyeva iştirakçıları salamlayaraq bayramın tarixi və milli dövlətçilik baxımından əhəmiyyətindən danışıb. O, tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə Prezident Kitabxanasının rəhbərliyinə minnətdarlığını bildirib.

Everest zirvəsinə qalxaraq orada Azərbaycan bayrağını dalğalandıran ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva çıxışında zirvəyə yüksəlmək üçün keçdiyi çətin yoldan və ekstremal hava şəraitindən bəhs edib. Bu zirvədə üçrəngli bayrağımızı dalğalandırmağın yaratdığı qürur hissini və həmin hadisənin daşıdığı mənəvi məsuliyyəti vurğulayan alpinist gəncləri qarşılarına yüksək məqsədlər qoymağa, çətinliklərdən çəkinmədən irəliləməyə və üçrəngli bayrağımızı daim zirvələrdə uca tutmağa çağırıb.

132–134 nömrəli liseyin tarix müəllimi Gülanə Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə üçrəngli bayrağın qəbul edilməsi, 1990-cı il noyabrın 17-də Naxçıvanda yenidən qaldırılması və dövlətçilik tariximizdəki yeri barədə məlumat verib. Bayrağın rənglərində ifadə olunan azadlıq, türklük və müasirlik ideyalarından danışan müəllim onun milli kimliyimizin əsas rəmzlərindən biri olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Tədbirin bədii hissəsində liseyin şagirdləri Prezident Kitabxanasının Oxu zalında Dövlət Bayrağı Gününə həsr olunmuş səhnələşdirilmiş tamaşa nümayiş etdirib, şagirdlərdən ibarət xor isə “Azərbaycan” mahnısını ifa edib. Bayramın mahiyyətini və üçrəngli bayrağımıza bağlılığı əks etdirən ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.