Prezident Kitabxanasında bəşəriyyətin ən qiymətli xəzinələrindən olan kitablara və mütaliə mədəniyyətinə diqqəti cəlb etmək məqsədilə 9 Avqust – Beynəlxalq Kitabsevərlər Gününə həsr olunmuş kitab sərgisi hazırlanıb.
Hər il dünyada qeyd olunan bu əlamətdar gün cəmiyyətdə oxumaq vərdişlərinin inkişafına və kitabın insan həyatındakı əvəzsiz rolunun təbliğinə xidmət edir. Tarix boyu elmin və intellektual düşüncənin nəsildən-nəslə ötürülməsində əsas vasitə olan kitablar azad fikir mühitinin və zəngin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Beynəlxalq Kitabsevərlər Günü oxucuları, yazarları, naşirləri və kitabxanaçıları bir araya gətirərək, rəqəmsal texnologiyalar dövründə ənənəvi mütaliə dəyərlərinin qorunmasına xidmət edir.
Sərgidə kitabın tarixi, dünya və Azərbaycan ədəbiyyatının inciləri, qədim və nadir nəşrlər, habelə mütaliənin əhəmiyyətinə dair elmi əsərlər, biblioqrafik mənbələr və dövri mətbuat nümunələri təqdim olunur. Tədqiqatçılar, müəllimlər və tələbələrlə yanaşı, ədəbiyyatla maraqlanan geniş oxucu auditoriyası üçün faydalı informasiya mənbəyi olan bu sərgi, həm də gənclər arasında mütaliə mədəniyyətinin təbliğinə mühüm töhfə verir.
Sərgi kitabların insanın mənəvi kamilləşməsinə və intellektual inkişafına verdiyi töhfələri sistemli şəkildə nümayiş etdirməklə yanaşı, onların mədəniyyət tariximizdəki özünəməxsus yerini və xalqın maariflənməsindəki rolunu daha dərindən dərk etməyə imkan verir.
Bununla yanaşı, kitabxananın malik olduğu ümumi zəngin irs də diqqət çəkir: Prezident Kitabxanasının Nadir kitablar fondunda Azərbaycan Respublikası ərazisində qorunan ən qədim çap nəşri kimi tarixə düşən və 1591-ci ildə İtaliyada işıq üzü görmüş “Historia di Parma” (“Parmanın tarixi”) kitabı da mühafizə olunur. Tanınmış italyan alimi, hüquqşünas və tarixçi Bonaventura Ancelinin qələmə aldığı bu fundamental əsər Parma şəhərinin ilk tarixi salnaməsi hesab olunur. Səkkiz hissədən ibarət olan kitabda şəhərin formalaşması, tarixi inkişaf mərhələləri, eləcə də regionun taleyində mühüm rol oynaymış Parma çayının təsviri ətraflı şəkildə işıqlandırılıb. Əsər əsrlər boyunca şəhərin yaddaşını yaşadan qiymətli dövr sənədi kimi dəyərləndirilir.