Xəbərlər

Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

2026-cı il iyulun 7-də Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova bildirib ki, Azərbaycan milli mətbuatının inkişaf tarixində özünəməxsus yeri olan Ağahüseyn Hüseynov peşəkar jurnalist, bacarıqlı redaktor və media təşkilatçısı kimi uzun illər səmərəli fəaliyyəti ilə seçilib. O qeyd edib ki, yaradıcılıq yoluna görkəmli alim Nəsir İmanquliyevin yaratdığı məşhur "Bakı" və "Baku" qəzetlərində başlayan Ağahüseyn Hüseynov həmin nüfuzlu jurnalistika məktəbinin ən layiqli yetirmələrindən biri kimi formalaşıb. Sonralar bu qəzetlərə rəhbərlik edərək yüksək redaktorluq mədəniyyəti, peşə etikasına sadiqliyi və prinsipial mövqeyi ilə milli mətbuatın inkişafına mühüm töhfələr verib. Professor Afət Abbasova vurğulayıb ki, Ağahüseyn Hüseynovun çoxillik fəaliyyəti Azərbaycan jurnalistikasında peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyinin vəhdətini özündə ehtiva edən örnəkdir.

Daha sonra Ağahüseyn Hüseynovun ömür yolunu, jurnalistika sahəsində keçdiyi peşəkar inkişaf mərhələlərini və Azərbaycan mətbuatına verdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən AzərTAc-ın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin  Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə,  yazıçı-publisist, "baki-baku.az" xəbər portalının baş redaktoru Şərəf Cəlilli, Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin baş məsləhətçisi, "baki-baku.az" saytının layihə rəhbəri Deniz Məmmədli, Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli, veteran jurnalist Ənvər Məşədiyev, polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, jurnalist, tədqiqatçı, kulturoloq-yaponşünas Əbülfəz Babazadə, pedaqoq, Ağahüseyn Hüseynovun qızı Nurlanə Quliyeva və yazıçı-tərcüməçi, "baki-baku.az" saytının redaktoru Xanım Aydın Ağahüseyn Hüseynovun milli mətbuatın inkişafındakı rolundan danışıblar. Natiqlər onun uzun illər "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru kimi peşəkar jurnalistika prinsiplərinin qorunmasına, redaktorluq məktəbinin inkişafına və gənc jurnalistlərin formalaşmasına mühüm töhfələr verdiyini bildiriblər. Qeyd olunub ki, yüksək peşəkarlığı, obyektivliyi, prinsipiallığı, tələbkarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Ağahüseyn Hüseynov redaktor kimi daim sözün məsuliyyətini ön planda saxlayıb. Onun rəhbərliyi ilə hazırlanan nəşrlər mövzuların dolğun təqdimatı, faktlara dəqiq yanaşma, aydın üslub və peşəkar redaktə mədəniyyəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanaraq Azərbaycan mətbuatında özünəməxsus yer tutub.

Əməkdar jurnalist, "Bakı" və "Baku" qəzetlərinin sabiq baş redaktoru Ağahüseyn Hüseynov yubileyinin Prezident Kitabxanasında keçirilməsini həyat və yaradıcılığına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirib, göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirib.

Tədbirə yekun vuran Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Ağahüseyn Hüseynovun zəngin ömür yolu və çoxillik redaktor təcrübəsi Azərbaycan jurnalistikasının peşəkar inkişaf mərhələsini dolğun şəkildə əks etdirir. O bildirib ki, söz qarşısında məsuliyyət, obyektiv mövqe və milli mətbuat ənənələrinə bağlılıq Ağahüseyn Hüseynovun fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir.

Professor Afət Abbasova vurğulayıb ki, belə görkəmli ziyalıların irsinin öyrənilməsi və təbliği yalnız mətbuat tarixinin deyil, bütövlükdə ölkənin ictimai fikir tarixinin araşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. O əlavə edib ki, Prezident Kitabxanası Azərbaycan dövlətçiliyinə, elmə, mədəniyyətə və milli mətbuata dəyərli xidmətlər göstərmiş görkəmli ziyalıların zəngin irsinin toplanılması, mühafizəsi, tədqiqi və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl davam etdirəcəkdir.