Prezident Kitabxanasının fonduna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Kitab evi" tərəfindən 94 adda kitab daxil olub.
Fonda daxil edilən yeni nəşrlər kitabxananın informasiya ehtiyatlarının zənginləşdirilməsinə və istifadəçilərin müxtəlif elm və bilik sahələri üzrə aktual mənbələrlə təminatının genişləndirilməsinə xidmət edir. Nəşrlər ictimai-siyasi elmlər, tarix, hüquq, fəlsəfə, sosiologiya, psixologiya, beynəlxalq münasibətlər, dinşünaslıq, hərb işi və təhlükəsizlik, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, eləcə də dünya bədii ədəbiyyatı kimi geniş mövzu istiqamətlərini əhatə edir.
Fondun yeni nəşrləri sırasında müxtəlif ölkələrin hüquqi və siyasi sistemlərinə, dövlətçilik məsələlərinə, beynəlxalq proseslərə, münaqişələrin təhlili və idarə olunmasına, informasiya müharibəsinə, rəqəmsal texnologiyalara və müasir elmi yanaşmalara həsr olunmuş tədqiqatlar, analitik və publisistik əsərlərlə yanaşı, dünya ədəbiyyatının tanınmış müəlliflərinin əsərləri də yer alır. Mövzu və janr müxtəlifliyi ilə seçilən bu nəşrlər elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də müxtəlif sahələr üzrə biliklərini genişləndirmək və mütaliə dairəsini zənginləşdirmək istəyən oxucular üçün zəngin oxu materialı və etibarlı informasiya mənbəyi kimi əhəmiyyət daşıyır.
Prezident Kitabxanası fondunun mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməsi istifadəçilərin informasiya tələbatının daha dolğun ödənilməsinə, kitabxananın elmi-informasiya potensialının möhkəmləndirilməsinə və müasir, çoxşaxəli fondunun ardıcıl inkişafına xidmət edir.