Prezident Kitabxanasının fondu tanınmış folklorşünas alim, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlinin 80 illik yubileyinə və zəngin elmi fəaliyyətinə həsr olunmuş yeni nəşrlərlə zənginləşib.
Yeni nəşrlərdən biri “Əsərləri tarixdə, özü xatirələrdə...” kitabıdır. Kitabı toplayıb tərtib edən və nəşrə hazırlayan iqtisad elmləri namizədi, dosent Eldar Hüseynquluoğludur. Nəşrdə görkəmli folklorşünasın 80 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlərin materialları, elmi məqalələri, aşıq sənəti ilə bağlı müsahibələri, eləcə də onun haqqında qələmə alınmış xatirələr yer alıb.
Prezident Kitabxanasının fonduna daxil olan digər nəşr isə folklorşünas, publisist Əli Şamilin “Xatirələr, müsahibələr, çıxışlar” kitabıdır. Filologiya üzrə fəlsəfə doktoru Kəmalə İsmayılovanın redaktorluğu ilə nəşr olunan kitabda Elxan Məmmədli ilə söhbətlər, onun həyatı və elmi fəaliyyətinə dair məqalələr, həmçinin yubiley tədbirlərində səsləndirilmiş çıxışlar toplanıb.
Uzun illər AMEA Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinə rəhbərlik etmiş Elxan Məmmədlinin elmi irsini və aşıq sənətinin inkişafı və təbliğinə verdiyi töhfələri əks etdirən bu nəşrlər tədqiqatçılar, folklorşünaslar və geniş oxucu auditoriyası üçün əhəmiyyətli mənbədir.