Prezident Kitabxanasının fondu AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun müəllifi olduğu dəyərli nəşrlərlə zənginləşib.
Kitabxanaya hədiyyə olunan nəşrlər alimin uzun illər ərzində apardığı çoxşaxəli araşdırmaların nəticəsi olan monoqrafiya və tədqiqat əsərlərindən ibarətdir. Mifologiya, ritualşünaslıq, folklorşünaslıq, qorqudşünaslıq və ədəbiyyatşünaslıq istiqamətlərini əhatə edən bu əsərlər Azərbaycan humanitar fikrinin mühüm istiqamətlərini əks etdirir, milli mənəvi-mədəni irsin elmi əsaslarla öyrənilməsinə, qorunmasına və təbliğinə əhəmiyyətli töhfə verir.
Hədiyyə olunan nəşrlərdə oğuz mifologiyası və Oğuznamə ənənəsi, mif və ritualın qarşılıqlı əlaqəsi, Azərbaycan folklorunun nəzəri-metodoloji problemləri, dastan yaradıcılığı, şamanlıq ənənələri, Novruz mərasimləri, folklorşünaslıq tarixinin müxtəlif istiqamətləri, eləcə də "Dədə Qorqud" eposunun mifoloji, struktur-semantik və tarixi aspektləri geniş şəkildə araşdırılır. Bununla yanaşı, müəllifin Nizami Gəncəvinin yaradıcılığına, Azərbaycan ədəbi fikrinin inkişafına və görkəmli elm və mədəniyyət xadimlərinin irsinə həsr olunmuş tədqiqatları da təqdim olunan nəşrlər sırasında yer alır.
Professor Seyfəddin Rzasoyun elmi fəaliyyəti Azərbaycan folklorşünaslığı, mifologiyaşünaslığı və qorqudşünaslığının müasir inkişafında mühüm yer tutur. Onun müxtəlif illərdə nəşr olunmuş əsərləri zəngin mənbə bazası, elmi yeniliyi və nəzəri ümumiləşdirmələri ilə seçilir. Bu nəşrlər humanitar elmlər sahəsində aparılan araşdırmalar üçün mühüm istinad mənbələrindən biri olmaqla yanaşı, milli elmi irsin öyrənilməsi istiqamətində dəyərli vəsait kimi çıxış edir.
Prezident Kitabxanasının fonduna daxil edilən bu əsərlər folklor, mifologiya, ədəbiyyat və mədəniyyət tarixinin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparan alimlər, müəllimlər, doktorantlar, magistrantlar, tələbələr və mövzu ilə maraqlanan oxucular üçün dəyərli elmi mənbədir. Eyni zamanda, onlar milli mənəvi-mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Prezident Kitabxanası professor Seyfəddin Rzasoyu 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni elmi nailiyyətlər, məhsuldar yaradıcılıq və Azərbaycan elminin inkişafına xidmət edən fəaliyyətində yeni uğurlar arzulayır.
Prezident Kitabxanası dəyərli elmi əsərləri Kitabxananın fonduna hədiyyə etdiyinə görə professor Seyfəddin Rzasoya təşəkkürünü bildirir.