Arif Məlikov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi

Virtual sərgi

Arif Məlikov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi

Virtual sərgi XX əsr Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, pedaqoq, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət mükafatları laureatı, professor Arif Məlikovun həyat və yaradıcılığına həsr olunur. Arif Məlikov Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında mühüm rol oynamış, milli musiqi ənənələrini müasir bəstəkarlıq üslubu ilə üzvi şəkildə birləşdirərək özünəməxsus yaradıcılıq dəst-xətti formalaşdırmışdır. Onun yaradıcılığında simfonik və vokal-instrumental əsərlər, baletlər, fortepiano və kamera musiqisi nümunələri, kinofilmlərə yazılmış musiqilər mühüm yer tutur. Bəstəkarın yaradıcılığının zirvələrindən biri dünya balet sənətində xüsusi şöhrət qazanmış "Məhəbbət əfsanəsi" baletidir. Əsərin librettosu Nazim Hikmətin eyniadlı əsəri əsasında hazırlanmış, balet ilk dəfə 1961-ci ildə səhnəyə qoyulmuşdur. "Məhəbbət əfsanəsi" yalnız Azərbaycan deyil, dünya teatr və balet səhnələrində nümayiş etdirilərək bəstəkara beynəlxalq şöhrət qazandırmışdır. Sərgidə Arif Məlikovun həyatının və çoxşaxəli yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən kitablar, not nəşrləri, əsərləri təqdim olunur. Virtual sərgi Arif Məlikovun zəngin irsinin təbliği, onun Azərbaycan professional musiqisinin inkişafındakı xidmətlərinin geniş auditoriyaya çatdırılması və bəstəkarın yaradıcılığının gələcək nəsillərə tanıdılması məqsədinə xidmət edir.