Əhməd Cavad

Virtual sərgi

Əhməd Cavad

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. O, bütün varlığı ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış, azadlıq motivləri ilə zəngin yaradıcılığını milli məfkurə əsasında formalaşdırmışdır. Şairin Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə, alovlu duyğularla tərənnüm edən əsərləri müstəqil dövlətçiliyə sevgi aşılayır və dərin vətənpərvərlik hisslərinin təsirli poetik ifadəsi kimi səciyyələnir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin mərkəzində olmuş, dövrün parlaq şəxsiyyətlərindən biri kimi tanınmışdır. Lakin o, 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq sovet totalitarizminin qurbanına çevrilmişdir. Xalqın istiqlal ideallarına sadiqliyini ömrü boyu qoruyan şair Azərbaycan poeziyasında yeni bir ədəbi istiqamətin formalaşmasına mühüm töhfə vermişdir. Onun zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə seçilir və dövrün ictimai-siyasi mənzərəsini dolğun şəkildə əks etdirir. Virtual sərgidə şairin əsərləri, eləcə də onun haqqında yazılmış kitablar nümayiş etdirilir.