Xurşidbanu Natəvan

Virtual sərgi

Xurşidbanu Natəvan

Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan görkəmli şairə, ictimai xadim və xeyriyyəçidir. Klassik ədəbi ənənələrə sadiq qalan sənətkar yüksək humanizm ideyaları, dərin lirizmi və zəngin bədii irsi ilə milli poeziyamızın inkişafına mühüm töhfələr vermişdir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının qiymətli nümunələri sırasında xüsusi yer tutur. Qarabağ xanlığının sonuncu varisi, Xan qızı Natəvan poetik ilhamını doğma Qarabağın füsunkar təbiətindən almış, incə duyğularla zəngin əsərlərində məhəbbət, vəfa, mənəvi saflıq, insanpərvərlik və vətən sevgisi kimi ali dəyərləri tərənnüm etmişdir. Şərq poetik ənənələrini uğurla davam etdirən şairə zərif lirizmi, yüksək bədii ifadə tərzi və səmimiyyəti ilə seçilən zəngin irs yaratmışdır. Xurşidbanu Natəvan ədəbi fəaliyyəti ilə yanaşı, geniş xeyriyyəçilik fəaliyyəti, Şuşa şəhərinin abadlaşdırılması, mədəni həyatının canlandırılması və maarifin inkişafı istiqamətində gördüyü işlərlə də böyük şöhrət qazanmışdır. Onun təşəbbüsü ilə həyata keçirilən xeyriyyə layihələri xalqın rifahına xidmət etmiş, humanizmi, nəcibliyi və mərhəməti onu xalqın dərin məhəbbətini qazanan şəxsiyyətlərdən birinə çevirmişdir. Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclisi dövrünün görkəmli şair və ziyalılarını bir araya gətirmiş, Qarabağ ədəbi mühitinin inkişafında mühüm rol oynamışdır. Virtual sərgidə Xurşidbanu Natəvanın əsərləri, həyatı və yaradıcılığına həsr olunmuş kitablar, elmi tədqiqatlar təqdim olunur.