
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış “Azərbaycan abidələrinə qarşı erməni vandalizmi” adlı elektron layihənin əsas məqsədi işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi və mədəni irsinə qarşı həyata keçirilmiş dağıdıcılıq siyasətini sistemli şəkildə dünya ictimaiyyətinə təqdim etməkdir. Layihə vasitəsilə işğal zamanı ərazilərimizdəki çoxsaylı tarixi-mədəni abidələrin dağıdılması, məhv edilməsi, həmçinin onların əhəmiyyətli bir qisminin saxtalaşdırılaraq erməniləşdirilməsi faktları geniş materiallar və fotoşəkillər əsasında əhatəli şəkildə işıqlandırılır. Elektron resursda Ermənistan-Azərbaycan münaqişəsi dövründə işğala məruz qalmış ərazilərdə yerləşən təxminən 800 abidədən 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı vəziyyətini əks etdirən fotoşəkillər, həmçinin həmin abidələrin xarakteristikaları təqdim edilmişdir. Abidələr dünya, ölkə və yerli əhəmiyyətli kateqoriyalar üzrə sistemləşdirilərək memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifat qruplarına ayrılmışdır.