Filologiya elmləri doktoru, professor xanım Məsməxanım Qazıyeva Prezident Kitabxanasına Azərbaycan dövri mətbuat tarixinin tanınmış nəşrlərindən biri olan “Şərq qadını” jurnalının 1927-1929-cu illəri əhatə edən cildlənmiş kolleksiyasını hədiyyə etmişdir.
İki cilddən ibarət nəşrlər Prezident Kitabxanasının Nadir ədəbiyyat fonduna daxil edilmişdir. Birinci cildə jurnalın 1927-ci ildə nəşr olunmuş bütün nömrələri və 1928-ci ilin yanvar–sentyabr aylarını əhatə edən sayları, ikinci cildə isə 1928-ci ilin sentyabr–dekabr aylarında və 1929-cu ildə işıq üzü görmüş bütün nömrələri daxil edilmişdir.
Kolleksiya Azərbaycan yazı mədəniyyətində əlifba keçidi dövrünü əks etdirən qiymətli tarixi mənbələri özündə birləşdirir. Jurnalın 1927-ci ildən 1928-ci ilin sentyabr ayınadək nəşr olunmuş nömrələrinin mətnləri əski əlifba və yeni türk əlifbası ilə paralel şəkildə çap edilmiş, sonrakı saylar isə bütövlükdə yeni türk əlifbasında nəşr olunmuşdur. Bu xüsusiyyət nəşrin Azərbaycan mətbuat tarixinin, əlifba islahatları dövrünün və yazılı irsin öyrənilməsi baxımından elmi mənbə kimi əhəmiyyətini daha da artırır.
“Şərq qadını” jurnalı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qadınlar şöbəsinin nəşri kimi fəaliyyət göstərmiş, ilk nömrəsi 30 noyabr 1923-cü ildə Bakıda əski əlifba ilə çap olunmuşdur. Nəşrin təsisçilərindən biri Azərbaycanın maarifpərvər qadınlarından və görkəmli pedaqoqlarından Mədinə Qiyasbəyli, ilk məsul redaktoru isə Ayna Sultanova olmuşdur. Jurnalın başlıca istiqamətini savadsızlığın aradan qaldırılması, qadınların maariflənməsi və onların ictimai həyatda iştirakının təşviqi təşkil etmişdir.
Jurnalın səhifələrində Ayna Sultanovanın, Mədinə Qiyasbəylinin, Gülarə Qədirbəyovanın (Köylü qızı), Xədicə Seyidzadənin, Şəfiqə Əfəndizadənin, Minə Mirzəyevanın və Hökümə Məmmədovanın məqalə və publisistik yazıları müntəzəm dərc edilmişdir. Bu yazılar XX əsrin 20-ci illərində Azərbaycanda ictimai fikir, qadın hərəkatı və maarifçilik tarixinin öyrənilməsi üçün zəngin faktoloji material təqdim edir.
“Şərq qadını” jurnalının fəaliyyətində mühüm rol oynamış ziyalılardan biri olan Gülarə Qədirbəyova (Köylü qızı) XX əsrin 20–30-cu illərində Azərbaycanın görkəmli maarifçi və ictimai xadimlərindən biri kimi tanınmışdır. Onun redaktorluq və maarifçilik sahəsindəki çoxşaxəli fəaliyyəti qadınların təhsilə cəlb olunmasına və cəmiyyət həyatında fəal iştirakının təşviqinə mühüm təsir göstərmişdir. 1937-ci il siyasi repressiyalarının qurbanı olan Gülarə Qədirbəyovanın həyatı və xidmətləri sonrakı dövrlərdə Azərbaycan alimləri tərəfindən geniş tədqiq olunmuşdur.
Prezident Kitabxanasının fonduna daxil edilən bu kolleksiya Azərbaycan mətbuat tarixinin, qadın hərəkatının, maarifçilik ənənələrinin, əlifba islahatları dövrünün və Azərbaycan dövri mətbuat irsinin öyrənilməsi baxımından mühüm elmi mənbə olmaqla, bu istiqamətlər üzrə aparılan tədqiqatların mənbəşünaslıq bazasını daha da zənginləşdirir.
Prezident Kitabxanası milli mətbuat və yazılı irsin qorunub saxlanılmasına, elmi dövriyyəyə cəlb olunmasına və kitabxana fondunun zənginləşdirilməsinə xidmət edən bu dəyərli hədiyyəyə görə Gülarə Qədirbəyovanın nəslinin nümayəndəsi, filologiya elmləri doktoru, professor xanım Məsməxanım Qazıyevaya dərin minnətdarlığını bildirir.