Xəbərlər

Tarixçi alim İsrafil Məmmədovun şəxsi kitabxanasından Prezident Kitabxanasına kitab və jurnallar hədiyyə edilib

Tarixçi alim İsrafil Məmmədovun şəxsi kitabxanasından Prezident Kitabxanasına kitab və jurnallar hədiyyə edilib

Tarixçi alim İsrafil Məmmədovun şəxsi kitabxanasından Prezident  Kitabxanasına kitab və jurnallar hədiyyə edilib

Yazıçı, publisist, tərcüməçi və tarixçi, Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı laureatı, İsrafil Süleyman oğlu Məmmədov (1927-2019) uzun müddət İrəvanda "Sovet Ermənistanı" qəzetində redaktor müavini və redaktor, İrəvan Pedaqoji İnstitutunda müəllim, Ermənistan SSR maarif nazirinin müavini vəzifələrində işləmişdir. O, 1972-ci ildə İrəvanda "Ermənistanda Azərbaycan mətbuatının tarixi" mövzusunda namizədlik dissertasiyasını erməni dilində  müdafiə etmişdir. İsrafil Məmmədov həmçinin zəngin kitabxana kolleksiyasına sahib olmuşdur.

Bu günlərdə İsrafil Məmmədovun ailəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına 33 adda kitab və jurnallar hədiyyə edilmişdir. Sözügedən kolleksiyaya Azərbaycan, rus və erməni dillərində əsasən tarix, siyasət və dilçilik sahələrini əhatə edən nəşrlər daxildir.

Hədiyyə kitablar arasında 1985-ci ildə İrəvan Dövlət Nəşriyyatında kiril əlifbası ilə çap edilən "Sovet Ermənistanında Azərbaycan kitabı. 1925-1985. Biblioqrafiya" kitabı xüsusi əhəmiyyəti ilə seçilir.

Kitab tarix elmləri namizədi İsrafil Məmmədovun "Bədiilik dünyamızın doğma bir hənirtisi" başılıqlı tarixi xülasə ilə açılır. Həmin xülasədə İrəvan şəhərinin tarixi keçmişi, etnik mənzərəsi, mədəni həyatı, memarlıq abidələri, məscidlər, karvansaralar, küçə və meydanlar haqqında ətraflı məlumat verilir. İstər İrəvan xanlığı dövründə, istərsə də xanlığın Rusiya ordusu tərəfindən işğalından sonra İrəvanda olmuş səyyah və tədqiqatçılardan Jan Batist Tavernyenin, Jan Şardenin, Cemellinin, Ceyms Morienin, Ker-Porterin, Henri Linçin, Dübüa de Monperenin, Avqust fon Hakstauzenin, İvan Şopenin, Qrafinya Uvarovanın İrəvan haqqında yazdıqlarına istinad edilərək şəhərin tarixi keçmişi haqqında yığcam məlumat təqdim edilir. İsrafil Məmmədov daha sonra "Yerli müəlliflərin Ermənistandan kənarda çap olunan kitabları", "Başqa dillərdən tərcümə olunan kitablar" və "Ermənistanda Azərbaycan dilində kitab çapı" başlıqlı bölmələrdə azərbaycanlı müəlliflərin və onların tərcümə edilərək çap etdirdikləri kitablar haqqında da ətraflı məlumat verir. Həmçinin İrəvanda Azərbaycan dilində kitab çap edən nəşriyyatlar haqqında da ətraflı məlumat təqdim edilir.

Tədqiqatçı Söhbət Məmmədovun tərtib etdiyi həmin biblioqrafiya toplusuna 1925–1985-ci illərdə Sovet Ermənistanında Azərbaycan dilində çap olunmuş kitablar və kitabçalar haqqında biblioqrafik təsvirlər daxil edilmişdir. Biblioqrafiya Ermənistan SSR Dövlət Kitab Palatasının kitab fondu, A. Myasnikyan adına Respublika Dövlət Kitabxanasında olan Azərbaycan kitablarının kataloqları əsasında tərtib edilmişdir. 
Biblioqrafiyada kitab və kitabçaların məzmunu qeyd edilmiş, materiallar illər və əlifba sırası üzrə düzülmüşdür. Hər kitab və kitabçanın adı, müəllifi və janrı həm də rus dilinə tərcümə edilmişdir. Nəşriyyat imkanlarının məhdud olması üzündən ərəb və latın əlifbası ilə çap edilmiş kitab və kitabçaların müəllifləri və sərlövhələri müasir əlifba ilə verilmişdir.

Biblioqrafiyanın sonunda "Fərdi müəlliflərin, redaktorların əlifba göstəricisi" təqdim edilir. "Müəllifsiz kitabların əlifba göstəricisi" də ayrıca təqdim edilir.

Biblioqrafiyada "İnqilabdan əvvəlki dövrdə Ermənistanda Azərbaycan kitabı" bölməsində Azərbaycan və rus dillərində çap edilən kitabların həcmi, ölçüsü və mətbəəsi haqqında siyahı təqdim edilir.

Nəhayət, kitabın sonunda "Fərdi müəlliflərin əlifba göstəricisi" verilir.

Prezident Kitabxanasının fonduna hədiyyə edilən "Sovet Ermənistanında Azərbaycan kitabı. 1925-1985. Biblioqrafiya" kitabı Qərbi Azərbaycanın tarixini araşdıran tədqiqatçılar, biblioqraflar, mətbuat tarixi üzrə tədqiqat aparan mütəxəssislər üçün faydalı biblioqrafik nəşrlərdəndir.

"Sovet Ermənistanında Azərbaycan kitabı. 1925–1985. Biblioqrafiya" nəşrinin elektron versiyası ilə tanış olmaq üçün www.preslib.az keçidindən istifadə edə bilərsiniz.
 

Kitab haqqında
Sovet Ermənistanında Azərbaycan kitabı: 1925–1985

Sovet Ermənistanında Azərbaycan kitabı: 1925–1985

Sovet Ermənistanında Azərbaycan kitabı: 1925–1985: biblioqrafiya = Азербайджанская книга в Советской Армении: 1925–1985: библиография / tərt. S. İ. Məmmədov; red.: İ. S. Məmmədov, Ə. S. Səxinov.- İrəvan: Ermənistan SSR Dövlət Kitab Palatası, 1985.- 165 s.