Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu münasibətlə Prezident Kitabxanasında Qubadlının tarixinə, təbii-coğrafi xüsusiyyətlərinə və mədəni irsinə həsr edilmiş virtual sərgi hazırlanıb.
Sərgidə Qubadlının tarixi, təbii-coğrafi xüsusiyyətləri, toponimləri, tarixi abidələri və sosial-iqtisadi həyatı, eləcə də Qarabağ və Şərqi Zəngəzurun arxeoloji və memarlıq irsi, folkloru və demoqrafik xüsusiyyətləri haqqında məlumatları əhatə edən kitablar təqdim olunur. Nəşrlər bölgənin tarixi keçmişi, milli-mədəni dəyərləri və inkişaf xüsusiyyətləri barədə dolğun məlumat əldə etməyə imkan verir.
Sərgidə Vətən müharibəsinin tarixinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Zəfərin siyasi-hərbi əhəmiyyətinə həsr olunmuş nəşrlər də yer alır. Bu kitablarda müharibənin xronikası, hərbi-siyasi proseslər, döyüşçülərin xatirələri, işğal dövründə mədəni irsə vurulmuş zərər, eləcə də Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın bərpası və quruculuq işləri ilə bağlı məsələlər işıqlandırılır.
Virtual sərgi Qubadlının və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycanın Zəfər tarixinin öyrənilməsinə və azad edilmiş ərazilərdə aparılan bərpa prosesləri barədə məlumatların yayılmasına xidmət edir. Burada təqdim olunan nəşrlər tarixçilər, tədqiqatçılar və Azərbaycanın tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün əhəmiyyətli informasiya mənbəyidir. Sərgi, eyni zamanda, milli-mədəni irsə marağın artırılmasına və gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsinə töhfə verir.
25 Oktyabr – Qubadlı Şəhəri Gününə həsr olunmuş virtual sərgi Qubadlının tarixi keçmişinin, zəngin təbii-coğrafi xüsusiyyətlərinin, mədəni irsinin və ictimai həyatının geniş şəkildə təqdim edilməsi məqsədilə hazırlanmışdır. Sərgidə şəhərin yaranma…