25 Oktyabr – Qubadlı Şəhəri Günü

Virtual sərgi

25 Oktyabr – Qubadlı Şəhəri Günü

25 Oktyabr – Qubadlı Şəhəri Gününə həsr olunmuş virtual sərgi Qubadlının tarixi keçmişinin, zəngin təbii-coğrafi xüsusiyyətlərinin, mədəni irsinin və ictimai həyatının geniş şəkildə təqdim edilməsi məqsədilə hazırlanmışdır. Sərgidə şəhərin yaranma və inkişaf tarixi, əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti, tarixi-memarlıq abidələri, görkəmli şəxsiyyətləri və bölgənin sosial-iqtisadi həyatına dair kitablar yer alır. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir. Bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mühüm mərhələlərindən biri kimi xalqımızın yaddaşında xüsusi yer tutur. Qubadlının azad edilməsi ölkəmizin hərbi qüdrətinin, xalqımızın birliyinin və Vətən torpaqlarına bağlılığının parlaq təzahürüdür. Sərgi Qubadlının tarixi və mədəni irsinin öyrənilməsi, şəhərin keçdiyi inkişaf yolunun araşdırılması, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri barədə ictimaiyyətin məlumatlandırılması baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, gənc nəslin milli-tarixi yaddaşının möhkəmləndirilməsinə, Vətənə məhəbbət və dövlətçilik dəyərlərinə hörmət hissinin aşılanmasına xidmət edir.