Prezident Kitabxanasında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə virtual sərgi hazırlanıb.
Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərar 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən qəbul edilib. Həmin tarixdə müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Hazırda 100-dən çox ölkədə 5 Oktyabr müəllimlərin peşə bayramı kimi qeyd edilir.
Müstəqil Azərbaycanda Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı sərəncam Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirib, öz müəllimlərini minnətdarlıqla xatırlayıb və ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə hörmət və ehtiramla yanaşıb. O, təhsil işçilərinin maddi vəziyyətinin və rifahının yaxşılaşdırılmasına da diqqət göstərib. Son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi və təhsil işçilərinə göstərilən hərtərəfli qayğı dövlət siyasətində təhsilə verilən önəmi göstərir.
Virtual sərgidə müxtəlif illərdə nəşr olunmuş pedaqoji ədəbiyyat nümayiş etdirilir. Nəşrlərdə pedaqogikanın nəzəri və praktiki əsasları, məktəb və ali məktəb pedaqogikası, sosial və xüsusi pedaqogika, müəllim hazırlığı, pedaqoji peşəkarlıq və səriştəlilik, təhsil idarəçiliyi, ümumi təhsilin məzmunu və inkişafı ilə bağlı məsələlər əhatə olunur.
Sərgidə, həmçinin Azərbaycan təhsilinin və pedaqoji fikrinin tarixi, müstəqillik dövründə təhsilin nəzəri və praktik məsələləri, müəllimlərin peşəkar inkişafı və ixtisasartırma təhsili, pedaqoji irsin öyrənilməsi, məktəbəqədər və ibtidai təhsil, korreksion pedaqogika, eləcə də müəllim hazırlığına yeni yanaşmalarla bağlı nəşrlər təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində olan bu ədəbiyyat pedaqogika və təhsil sahəsində müxtəlif istiqamətləri əks edir.
Virtual sərgi müəllimlər, tələbələr, tədqiqatçılar və təhsil məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün pedaqoji ədəbiyyatla tanış olmaq imkanı yaradır. Elektron formatda hazırlanmış sərgi bu nəşrlərin məlumat və tədqiqat məqsədilə istifadəsini asanlaşdırır. Prezident Kitabxanasının bu istiqamətdə hazırladığı elektron resurslar pedaqogika və təhsil sahəsində ədəbiyyatın oxucular üçün əlçatanlığının artırılmasına xidmət edir.
Hər il 5 oktyabr tarixində qeyd olunan Beynəlxalq Müəllimlər Günü müəllimlərin cəmiyyətin inkişafında, gələcək nəsillərin formalaşmasında və təhsilin tərəqqisində mühüm rolunu diqqətə çatdırmaq məqsədi daşıyır. Bu əlamətdar gün 1966-cı il…