Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Çingiz Məmmədov “Beynəlxalq münasibətlərin əsasları və inkişaf mərhələləri” və “Siyasi tarix (Ən qədim sivilizasiyalardan – XIX yüzilliyin əvvəllərinə qədər)” adlı kitablarını Prezident Kitabxanasına hədiyyə edib.
“Beynəlxalq münasibətlərin əsasları və inkişaf mərhələləri” adlı dərslik beynəlxalq münasibətlərin formalaşması prosesini, əsas istiqamətlərini və inkişaf mərhələlərini əhatə edir. Nəşrdə beynəlxalq münasibətlər, beynəlxalq siyasət, xarici siyasət, dünya siyasəti və geosiyasətə dair nəzəri konsepsiyalar, eləcə də ümumdünya qanunauyğunluqlarının vahid sistem çərçivəsində öyrənilməsi məsələləri şərh olunur.
“Siyasi tarix (Ən qədim sivilizasiyalardan – XIX yüzilliyin əvvəllərinə qədər)” adlı dərs vəsaiti qədim dövrlərdən XIX yüzilliyin əvvəllərinə qədər dünya sivilizasiyalarının yaranması, siyasi sistemlərin formalaşması və inkişafı, siyasi institutların inkişaf prosesi haqqında məlumatları əhatə edir. Siyasi tarix kursunun ilk beş mövzusunu əhatə edən nəşrdə dünya ölkələrinin siyasi tarixinin formalaşması və inkişafı ardıcıllıqla təqdim olunur.
Kitablar beynəlxalq münasibətlər və siyasi tarix sahələri üzrə tədris və tədqiqat fəaliyyəti ilə məşğul olanlar, eləcə də bu istiqamətlərdə biliklərini dərinləşdirmək istəyən oxucular üçün nəzərdə tutulub. Nəşrlərin Prezident Kitabxanasının fonduna daxil edilməsi müvafiq mövzuların öyrənilməsi və araşdırılması üçün əlavə ədəbiyyat imkanları yaradır.