Xəbərlər

Prezident Kitabxanasına dilçilik və dil siyasəti üzrə yeni nəşrlər hədiyyə olunub

Prezident Kitabxanasına dilçilik və dil siyasəti üzrə yeni nəşrlər hədiyyə olunub

Prezident Kitabxanasına dilçilik və dil siyasəti üzrə yeni nəşrlər hədiyyə olunub

Qarabağ Universiteti Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov müəllifi olduğu 5 adda kitabı Prezident Kitabxanasına hədiyyə edib.

Nəşrlər türk dünyasında ortaq əlifba, imla və ünsiyyət dili məsələlərini, eləcə də müstəqil türk dövlətlərində dil siyasətinin formalaşma və inkişaf istiqamətlərini əks etdirir. Kitablarda türkoloji fikir tarixində mühüm mərhələ sayılan Birinci Türkoloji Qurultay çərçivəsində müzakirə olunan dil problemləri və müasir dövrdə ortaq kommunikasiya mühitinin qurulması ilə bağlı yanaşmalar yer alır.

Tədqiqatlarda türk dilləri arasında qarşılıqlı əlaqələr, ortaq yazı sistemi və ünsiyyət platformasının formalaşdırılması məsələləri müqayisəli kontekstdə izah edilir. Bununla yanaşı, dil siyasətinin ictimai və siyasi proseslərlə qarşılıqlı əlaqəsi elmi arqumentlərlə əsaslandırılır.

Hədiyyə olunan nəşrlər Prezident Kitabxanasının fondunu zənginləşdirərək türkologiya və dilçilik sahəsində çalışan tədqiqatçılar, eləcə də mövzu ilə maraqlanan oxucular üçün mühüm elmi resurs kimi çıxış edir. Bu kitablar türk dünyasında dil məsələlərinə dair araşdırmaların aparılması üçün əlavə imkanlar yaradır.

Prezident Kitabxanası Elçin İbrahimova təqdim etdiyi nəşrlərə görə təşəkkürünü bildirir.