Xəbərlər

Prezident Kitabxanasında Milli Mətbuat və Jurnalistika Günü münasibətilə kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında Milli Mətbuat və Jurnalistika Günü münasibətilə kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında Milli Mətbuat və Jurnalistika Günü münasibətilə kitab sərgisi təşkil olunub

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Prezident Kitabxanasında Azərbaycan milli mətbuatının təşəkkülü və inkişaf mərhələlərinə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Azərbaycan milli mətbuatının əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görən qəzet xalqın maariflənməsində, milli şüurun formalaşmasında və ictimai fikrin inkişafında mühüm rol oynamışdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Sərgidə Azərbaycan milli mətbuatının təşəkkül və inkişaf mərhələlərini, Azərbaycan publisistikasının inkişafını, jurnalistikanın nəzəri, hüquqi və etik əsaslarını əks etdirən elmi və publisistik nəşrlər nümayiş etdirilir. Ekspozisiyada XIX əsrdə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetindən başlayaraq “Molla Nəsrəddin”, “Füyuzat”, “Azərbaycan” və digər mətbuat orqanlarının tarixinə, mühacirət və sovet dövrü mətbuatına, müasir informasiya siyasətinə və rəqəmsal media tendensiyalarına dair nəşrlər yer alır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş mətbuat orqanlarına, Vətən müharibəsi illərində medianın fəaliyyətinə, müstəqillik dövründə informasiya siyasətində medianın roluna, eləcə də Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatın və dövlət informasiya siyasətinin inkişafındakı roluna dair nəşrlər də sərginin ekspozisiyasında öz əksini tapır.

Sərgi Azərbaycan milli mətbuatının inkişaf yolu, milli jurnalistikanın əsas mərhələləri və media sahəsində baş vermiş mühüm proseslər barədə dolğun təsəvvür formalaşdırır. Burada nümayiş etdirilən nəşrlər tədqiqatçılar, jurnalistlər, müəllim və tələbələr, eləcə də media tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün elmi və informasiya mənbələri olmaqla yanaşı, milli mətbuat irsinin öyrənilməsi, qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.