Xəbərlər

Prezident Kitabxanasının fonduna yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna görkəmli Azərbaycan ədibi, yazıçı, publisist və ictimai-dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin zəngin irsinə həsr olunmuş “Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində” adlı yeni nəşr daxil olub. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Nəşrin tərtibçisi isə “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətlidir.

Nəşrdə görkəmli ədibin son dövrlərdə aşkar edilmiş 100-ə yaxın məqaləsi, felyetonu və tərcüməsi ilk dəfə toplu şəkildə təqdim olunur. Kitaba Yusif Vəzir Çəmənzəminlinin üçcildlik nəşrlərinə daxil edilməmiş, eləcə də əvvəlki nəşrlərdə müəyyən ixtisarlara məruz qalmış məqalə və felyetonları daxil edilib. Bu baxımdan nəşr ədibin publisistik irsinin yeni faktlar və mənbələr əsasında araşdırılması və oxuculara təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Kitabda Yusif Vəzir Çəmənzəminlinin ictimai-siyasi, ədəbi-estetik və milli-mənəvi məsələlərə dair dəyərli fikirlərindən seçmələrə də yer verilib. Nəşrdə, həmçinin ədibin həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, fotofaksimillər və fotosurətlər təqdim olunub. Bu materiallar oxuculara görkəmli ədibin zəngin irsi ilə yanaşı, onun həyat yolunun müxtəlif mərhələləri haqqında daha dolğun təsəvvür əldə etməyə imkan verir.

“Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində” kitabı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən birinin yaradıcılıq irsinin daha dolğun şəkildə öyrənilməsi, indiyədək geniş oxucu auditoriyasına məlum olmayan publisistik nümunələrin təqdim edilməsi baxımından qiymətli nəşrdir. Yeni nəşrin Prezident Kitabxanasının fonduna daxil olması tədqiqatçıların, ədəbiyyatşünasların və Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı ilə maraqlanan oxucuların bu dəyərli mənbədən faydalanmasına imkan yaradacaq.

Kitab haqqında
Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində

Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində

Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində / "Məxəz" Milli İrs Araşdırmaları İctimai Birliyi; tərt. Ş. Hümmətli; elmi red. N. Məmmədli.- Bakı: Elm və təhsil, 2026.- 304 s.