Prezident Kitabxanasının zəngin və dəyərli mənbələri arasında xüsusi yer tutan Nadir ədəbiyyat fondu virtual kolleksiyasına daxil edilən yeni və unikal nəşrlərlə bir daha diqqəti çəkib.
Kitabxananın Nadir ədəbiyyat fondunda qorunan XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid unikal nəşrlər geniş ictimaiyyətə təqdim olunmağa davam edir. Seçilmiş 5 dəyərli kitabdan ibarət təqdimat toplusuna ədəbiyyat, tarix və incəsənət sahələrini əhatə edən əsərlər daxildir. Bunlar sırasında “Album Deutscher Lyrik. Lieder und Romanzen” (Alman lirikası albomu. Mahnılar və romanslar), “Le Diamant Vert” (Yaşıl Almaz), “Sindbad le Marin” (Dənizçi Sinbad), “La Bande Arlequin” (Arlekinin Dəstəsi) və 1908-ci ildə nəşr olunmuş “История евреев от древнейших времён до настоящего” (Ən qədim dövrlərdən bu günədək yəhudilərin tarixi) kimi qiymətli nəşrlər yer alır.
Rus, fransız, alman və ingilis dillərində nəşr olunmuş bu kitablar, təkcə məzmun zənginliyi ilə deyil, həm də nadir poliqrafik üslubu, estetik görkəmi və biblioqrafik dəyəri ilə seçilərək kitab sənətinin nümunəsi kimi təqdim olunur.
Hər bir nəşrə Azərbaycan, rus və ingilis dillərində hazırlanmış annotasiyaların əlavə olunması isə bu irsi fərqli dillərdə danışan oxucular üçün daha əlçatan edir.
“Nadir kitablar fondu” kolleksiyasının bu şəkildə yenilənməsi, Prezident Kitabxanasının milli və dünya mədəni irsinin nadir nümunələrini qorumaq, onları elmi dövriyyəyə daxil etmək və virtual təqdimat formasında daha geniş auditoriyaya çatdırmaq istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin davamıdır. Bu təşəbbüs, eyni zamanda, Prezident Kitabxanasının zəngin fondunun cəmiyyətə təqdim olunması və nadir mədəni irs nümunələrinin gələcək nəsillərə çatdırılması istiqamətində atılmış mühüm əhəmiyyət daşıyan addımlardan biridir.