Xəbərlər

Prezident Kitabxanasının fonduna ərəb filologiyası üzrə yeni nəşrlər daxil olub

Prezident Kitabxanasının fonduna ərəb filologiyası üzrə yeni nəşrlər daxil olub

Prezident Kitabxanasının fonduna ərəb filologiyası üzrə yeni nəşrlər daxil olub

Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı müəllifi olduğu “Quran qiraət fərqləri: Asimdən Həfs və Şü’bə rəvayətləri əsasında müqayisəli təhlil” monoqrafiyasını və “Ərəb ədəbi dilində feilin təsnifi və təsrifi” adlı dərs vəsaitini Prezident Kitabxanasına hədiyyə edib.

“Quran qiraət fərqləri: Asimdən Həfs və Şü’bə rəvayətləri əsasında müqayisəli təhlil” monoqrafiyası Asim ibn Əbu ən-Nəcuddan gələn Həfs və Şü’bə rəvayətlərindəki oxunuş fərqlərinin filoloji təhlilinə həsr olunub. Tədqiqatda qiraət fərqləri fonetik və leksik-qrammatik aspektlərdən araşdırılır. Əsərdə bəzi samitlərin əvəzlənməsi və zəifləməsi, uyuşması və uyğunlaşması, qovuşması və qovuşmaması, səsdüşümü, saitlərin ixtisarlaşması və digər fonetik dəyişikliklər ətraflı təhlil olunur.

Monoqrafiyada, həmçinin, feilin müxtəlif qrammatik kateqoriyalar üzrə fərqləri, sintaktik strukturlarda baş verən dəyişikliklər və müxtəlif modelli sözlərin işlənməsi məsələləri nəzərdən keçirilir. Əsər Quran qiraətlərindəki fonetik və qrammatik xüsusiyyətlərin filoloji baxımdan öyrənilməsinə yönəlmiş tədqiqatdır.

Nəşr ərəb dili üzrə araşdırmalar aparan dilçilər, habelə Quran elmləri sahəsində tədqiqatlar həyata keçirən mütəxəssislər üçün nəzərdə tutulub.

“Ərəb ədəbi dilində feilin təsnifi və təsrifi” adlı dərs vəsaitində ərəb dili feillərinin kök samitlərinin sayı və xüsusiyyətləri, eləcə də morfoloji formaları üzrə təsnifatı təqdim edilir. Nəşrdə 380 cədvəldə üç və dörd kök samitli qaydalı, həmçinin fonetik dəyişikliklərə məruz qalaraq təsriflənən qaydasız ərəb feilləri təqdim olunur.

Təsrif cədvəllərində feillərin sadə və düzəltmə formaları, keçmiş və indiki-gələcək zamanları, əmr, yüngül və ağır təkid formaları, məlum və məchul növləri, habelə xəbər, arzu və şərt şəkilləri əks etdirilir. Cədvəllərdə feillərin kök samitləri ilə yanaşı, onlardan düzələn fail, məful və məsdər formaları, feillərin tərcüməsi və modellərin transkripsiyası da verilir.

Bakalavriat təhsil səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulan dərs vəsaitindən ali məktəb müəllimləri, elmi işçilər, dissertantlar və doktorantlar da istifadə edə bilərlər.

Prezident Kitabxanası professor Vüqar Qaradağlıya nəşrləri kitabxananın fonduna hədiyyə etdiyinə görə təşəkkürünü bildirir. Bu əsərlərin fonda daxil olması ərəb filologiyası və Quran elmləri üzrə ədəbiyyatın, eləcə də ərəb dilinin qrammatik quruluşuna dair nəşrlərin zənginləşdirilməsinə mühüm töhfədir.