Xəbərlər

Prezident Kitabxanasına elmi nəşrlər hədiyyə olunub

Prezident Kitabxanasına elmi nəşrlər hədiyyə olunub

Prezident Kitabxanasına elmi nəşrlər hədiyyə olunub

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin baş elmi işçisi, dosent Tamilla Kərimova-Kocayeva tərəfindən müəllifi olduğu 3 adda kitab Prezident Kitabxanasına hədiyyə edilib.

Kitabxananın fonduna daxil edilən nəşrlər müəllifin “Azərbaycan elm tarixi: biobiblioqrafik oçerklər” əsərinin I və II hissələrini, həmçinin “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” kitabını əhatə edir.

“Azərbaycan elm tarixi: biobiblioqrafik oçerklər” əsərinin I hissəsində XIX əsrin ikinci yarısı – XX əsrdə Azərbaycanın müxtəlif sahələrində çalışmış alimlərin həyat və yaradıcılığına dair məlumatlar toplanıb. Arxiv materialları əsasında hazırlanmış nəşrdə alimlərin bioqrafiyası, elmi fəaliyyət istiqamətləri, əsərlərinin biblioqrafiyası, eləcə də haqqındakı ədəbiyyat sistemli şəkildə əks etdirilib.

Nəşrin II hissəsində XIX əsrin ikinci yarısı – XX əsrdə yaşamış və fəaliyyət göstərmiş Azərbaycan alimlərinin irsi barədə məlumatlar ümumiləşdirilib. Arxiv sənədlərinə əsaslanan bu biobiblioqrafik oçerklər toplusunda alimlərin həyat yolu, yaradıcılığı və əsərləri haqqında məlumatlar sistemləşdirilərək ölkənin elmi fikir tarixinin öyrənilməsi üçün əhəmiyyətli materiallar təqdim olunur.

“Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” kitabında Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinin birinci (1969–1982-ci illər) və ikinci (1993–2003-cü illər) dövrlərində Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər geniş şəkildə təhlil edilir. Nəşrdə fundamental tədqiqat istiqamətləri, aparılmış islahatlar, xarici ölkələr və müttəfiq respublikalarla elmi əməkdaşlıq əlaqələri, regionlarda elmin inkişafı məqsədilə yaradılmış Naxçıvan və Gəncə Bölmələrinin, eləcə də Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilir.

Kitabxanaya hədiyyə olunan bu nəşrlər Azərbaycan elmi və ictimai fikir tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tarixçilər, tədqiqatçılar, ali məktəb tələbələri, eləcə də ölkənin intellektual-mədəni irsi ilə maraqlanan oxucular üçün faydalı mənbələrdən olan bu əsərlər, müxtəlif dövrlərdə fəaliyyət göstərmiş alimlərin irsinin və milli elmi düşüncənin inkişaf mərhələlərinin daha dolğun şəkildə öyrənilməsinə geniş imkan yaradır.

Prezident Kitabxanası müəllifi olduğu kitabları Kitabxanaya hədiyyə etdiyinə görə dosent Tamilla Kərimova-Kocayevaya minnətdarlığını bildirir.