2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Müzəffər Azərbaycan Ordusu döyüşlərdə qazandığı qələbələr nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini, bir sıra yaşayış məntəqələrini, eləcə də Qarabağın incisi Şuşanı işğaldan azad edib. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici rol oynayıb. Bu tarixi Qələbənin şərəfinə təsis edilən 8 Noyabr – Zəfər Günü xalqımız tərəfindən hər il böyük qürur və ehtiramla qeyd olunur.
8 Noyabr – Zəfər Günü və Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Prezident Kitabxanasında “Şuşa, sən azadsan!” adlı virtual sərgi hazırlanıb.
Sərgidə Şuşanın yaranma tarixi, inkişaf mərhələləri, memarlıq abidələri, tarixi məhəllələri və maddi-mədəni irsinə həsr olunmuş nəşrlər təqdim edilir. Kitablarda şəhərin Qarabağın ictimai-siyasi və mədəni həyatındakı yeri, burada formalaşmış ədəbi mühit, görkəmli şəxsiyyətlərin həyatı və yaradıcılığı, eləcə də Şuşanın Azərbaycan musiqi mədəniyyətindəki mövqeyi, muğam və ifaçılıq ənənələrinin inkişafındakı rolu əks olunur.
Virtual sərgidə, həmçinin Qarabağ münaqişəsinin tarixi, işğal dövründə Azərbaycan xalqının tarixi və mədəni irsinə vurulmuş ziyan, Vətən müharibəsinin gedişi və qazanılmış Qələbə ilə bağlı nəşrlər yer alıb. Bu kitablarda Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti, şəhərin Azərbaycanın suverenliyi və milli-mədəni kimliyi baxımından mövqeyi tarixi faktlar və araşdırmalar əsasında işıqlandırılır.
“Şuşa, sən azadsan!” virtual sərgisi Şuşanın tarixi keçmişi, zəngin mədəni irsi və azadlıq mübarizəsi haqqında nəşrləri əhatə edir. Sərgi geniş oxucu auditoriyasının şəhərin tarixi və mədəni irsi barədə məlumat əldə etməsinə, mövzu ilə bağlı elmi və tarixi nəşrlərlə tanış olmasına xidmət edir.
Şuşanın azad edilməsi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, milli yaddaşında və Vətən müharibəsinin gedişində müstəsna əhəmiyyətə malik tarixi hadisələrdən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı, qədim tarixə, zəngin mədəni irsə…