Xəbərlər

Heydər Əliyev Fondu “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” adlı nəşri Prezident Kitabxanasına hədiyyə edib

Heydər Əliyev Fondu “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” adlı nəşri Prezident Kitabxanasına hədiyyə edib

Heydər Əliyev Fondu “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” adlı nəşri Prezident Kitabxanasına hədiyyə edib

Prezident Kitabxanasına Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” adlı çoxdilli nəşr hədiyyə olunub. Azərbaycan, ingilis və rus dillərində tərtib edilən kitab klassik ədəbi-fəlsəfi irsin beynəlxalq miqyasda təqdim olunmasına xidmət edir.

Nəşrin xüsusi bölmələrindən birində 47 il ömür sürmüş dahi şairin 47 seçilmiş əsəri simvolik yanaşma əsasında təqdim olunur. Bu yanaşma Nəsimi yaradıcılığının poetik və fəlsəfi bütövlüyünü ön plana çıxarır. Kitabda həmçinin şairin həyatı ilə bağlı yeni aşkar edilmiş faktlar, türkdilli poeziyanın inkişafındakı rolu, Azərbaycan ədəbi dilinin formalaşmasına verdiyi töhfələr və fəlsəfi dünyagörüşü elmi kontekstdə işıqlandırılır.
Nəşrdə Nəsimi yaradıcılığında mühüm yer tutan “quş dili” adlandırılan simvolik poetik dil, onun Hürufilik cərəyanı ilə bağlı ideya-fəlsəfi baxışları, eləcə də Şirvanşahlar dövləti dövrünün elmi-mədəni mühiti ilə əlaqələri təqdim edilir. Eyni zamanda, şairin yaradıcılığında işlənən termin və xüsusi isimlərin sistemləşdirilmiş verilməsi tədqiqat baxımından əhəmiyyət kəsb edir.

Prezident Kitabxanası bu dəyərli nəşrin kitab fonduna təqdim olunmasına görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirir.

Ümumilikdə, “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” kitabı Nəsimi irsinin elmi-ədəbi baxımdan sistemli təqdimatı üçün mühüm mənbədir və geniş oxucu auditoriyasına şairin fəlsəfi düşüncə dünyasını, poetik ifadə imkanlarını və Azərbaycan ədəbiyyatındakı yerini daha dolğun şəkildə anlamağa imkan verir.

Kitab haqqında
Mən bu cahana sığmazam...

Mən bu cahana sığmazam...

İmadəddin Nəsimi. Mən bu cahana sığmazam... / S. M. Şıxıyeva, İ. Fəhmi, A. Buzovnalı [et al.]; layihənin rəh. M. Dzirkvelişvili; elmi red. N. Vəlixanlı; Heydər Əliyev Fondu.- Tbilisi, 2025.- 236 s.