Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən Prezident Kitabxanasına 4 adda kitablar hədiyyə edilib.
Kitabxananın fonduna daxil olan nəşrlər arasında “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi məqalələr toplusunun 23-cü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 24-cü xüsusi buraxılışları, eləcə də “Rəqəmsal suverenlik: ümumnəzəri aspektlər və müasir çağırışlar” və “Milli iqtisadiyyatın yeni sahə strukturunun formalaşması problemləri” monoqrafiyaları yer alır.
“Rəqəmsal suverenlik: ümumnəzəri aspektlər və müasir çağırışlar” monoqrafiyasında dövlət və iqtisadi suverenliyin nəzəri və konstitusion əsasları, rəqəmsallaşma prosesinin ictimai həyata təsiri, rəqəmsal suverenliyin mahiyyəti və inkişaf perspektivləri, fərdi məlumatların qorunması, eləcə də bu sahədə beynəlxalq təcrübə və müasir çağırışlar araşdırılır. “Milli iqtisadiyyatın yeni sahə strukturunun formalaşması problemləri” monoqrafiyasında isə postindustrial inkişaf mərhələsində milli iqtisadiyyatın sahə strukturunun formalaşması və inkişafı, habelə iqtisadiyyatın sahə strukturunda baş verən dəyişikliklərin makroiqtisadi aspektləri nəzərdən keçirilir.
“Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi məqalələr toplusunun 23-cü buraxılışında müasir iqtisadiyyat konsepsiyası, dayanıqlı və yaşıl inkişaf, iqtisadi islahatlar və bu sahədə qarşıya çıxan aktual çağırışlar ön plana çəkilir. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 24-cü xüsusi buraxılışda isə Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən islahatlar, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və müasir iqtisadi çağırışlar elmi məqalələrdə öz əksini tapır.
Nəşrlərin mövzu dairəsi iqtisadi islahatlar, milli iqtisadiyyatın inkişafı, rəqəmsal transformasiya, suverenlik, dayanıqlı və yaşıl iqtisadiyyat kimi aktual istiqamətləri əhatə edir. Bu nəşrlər iqtisadiyyat sahəsində tədqiqat aparan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllimləri və tələbələri, eləcə də müasir iqtisadi prosesləri daha dərindən öyrənmək istəyən geniş oxucu auditoriyası üçün faydalı elmi araşdırmalardır.