Xəbərlər

Prezident Kitabxanasında “Molla Nəsrəddin – 120” adlı virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında “Molla Nəsrəddin – 120” adlı virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında “Molla Nəsrəddin – 120” adlı virtual sərgi hazırlanıb

Prezident Kitabxanası Azərbaycan milli mətbuat tarixinin ən mühüm hadisələrindən biri – "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin çapdan çıxmasının 120 illiyi münasibətilə "Molla Nəsrəddin – 120" adlı virtual sərgi hazırlayıb. Sərgi çərçivəsində jurnalın zəngin ədəbi-publisistik irsi müasir oxucu auditoriyasına ardıcıl və əlçatan formada çatdırılır.
XX əsrin əvvəllərində mürəkkəb ictimai-siyasi şəraitdə meydana çıxan "Molla Nəsrəddin" jurnalı Azərbaycan mətbuatında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, qısa müddətdə geniş coğrafiyada yayılmışdır. 1906-cı il aprelin 7-də Tiflisdə nəşr olunan ilk nömrəsi ilə başlayan bu nəşr Cəlil Məmmədquluzadənin rəhbərliyi altında müəyyən fasilələrlə 25 il ərzində Tiflisdə, Təbrizdə və Bakıda fəaliyyət göstərmiş, ümumilikdə 741 nömrəsi çap edilmişdir. Satirik publisistikanın əsas istiqamətlərini müəyyənləşdirən jurnal dövrün sosial ziddiyyətlərini açıq və kəskin ifadə müstəvisinə çıxarmışdır.
Fəaliyyəti ərzində müxtəlif mədəni mərkəzlərdə nəşr olunan jurnal Azərbaycan ədəbi-ictimai düşüncəsində satira, karikatura və tənqidi realizmin inkişafını şərtləndirmişdir. Onun ətrafında formalaşan yaradıcı mühit görkəmli ədibləri, publisistləri və rəssamları bir araya gətirərək mollanəsrəddinçilik ədəbi istiqamətinin təşəkkülünə zəmin yaratmış, bu ənənə Bakıdan Kazana, İrəvandan Tehrana qədər uzanan geniş bir coğrafiyada onlarca satirik nəşrin meydana gəlməsinə zəmin yaratmışdır.
Virtual sərgidə jurnalın tarixi yolunu, ədəbi irsini və Azərbaycan mətbuatına təsirini əks etdirən geniş kitab fondundan seçilmiş nəşrlər təqdim olunur. Burada elmi monoqrafiyalar, ensiklopedik nəşrlər, biblioqrafik göstəricilər və tədqiqat əsərləri bir arada yer alaraq "Molla Nəsrəddin"ə dair bütöv elmi-ədəbi mənzərəni oxucuya dolğun şəkildə əks etdirir.
“Molla Nəsrəddin – 120” virtual sərgisi milli mətbuat tarixinin mühüm bir mərhələsinə yenidən baxış təqdim edir və bu zəngin irsin rəqəmsal mühitdə qorunub geniş ictimaiyyətə çatdırılmasını təmin edir.

Virtual sərgi
Molla Nəsrəddin  –  120

Molla Nəsrəddin – 120

Molla Nəsrəddin jurnalı XX əsrin əvvəllərində Azərbaycan mətbuatının və ümumilikdə Şərq publisistikasının ən parlaq nümunələrindən biri kimi tanınır. Jurnal 1906-cı ildə Tiflis şəhərində nəşrə başlamış, sonrakı illərdə Təbriz və Bakı…