Prezident Kitabxanasında XIX əsr Azərbaycan ədəbi-mədəni mühitinin və maarifçilik hərəkatının ən parlaq simalarından biri, görkəmli şairə, ictimai xadim və xeyriyyəçi Xurşidbanu Natəvanın zəngin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb.
Qarabağ xanlığının son hökmdarı Mehdiqulu xanın qızı və İbrahimxəlil xanın nəvəsi olan Xurşidbanu Natəvan Azərbaycan milli ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. O, dövrün mürəkkəb tarixi proseslərində fəal iştirak edərək milli-mənəvi dəyərlərin qorunmasına və azad fikir mühitinin formalaşmasına çalışmışdır. Şuşada təşkil etdiyi məşhur “Məclisi-üns” ədəbi məclisi vasitəsilə dövrün sənətkarlarını bir araya gətirən şairə klassik poetik irsi ilə yanaşı, şəxsi vəsaiti ilə Şuşaya su kəməri çəkdirməsi kimi genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti ilə də yadda qalmışdır.
Virtual sərgidə Natəvanın həyatı, bədii-poetik irsi, ictimai-mədəni fəaliyyəti və Qarabağ ədəbi mühitindəki liderlik mövqeyi ilə bağlı kitablar, elmi əsərlər, dövri mətbuat və biblioqrafik mənbələr təqdim olunur. Sərgi tədqiqatçılar, müəllim və tələbələrlə yanaşı, Azərbaycan mədəniyyəti və poeziya tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün faydalı informasiya mənbəyi olmaqla, şairənin zəngin irsinin öyrənilməsinə və təbliğinə geniş imkan yaradır.
Bu virtual sərgi görkəmli sənətkarın çoxşaxəli fəaliyyətini və ədəbi irsimizə verdiyi töhfələri sistemli şəkildə əks etdirməklə yanaşı, onun milli poeziya tarixindəki özünəməxsus yerini və xalqı qarşısındakı unudulmaz xidmətlərini daha dolğun şəkildə izləməyə imkan verir.
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan görkəmli şairə, ictimai xadim və xeyriyyəçidir. Klassik ədəbi ənənələrə sadiq qalan sənətkar yüksək humanizm ideyaları, dərin lirizmi və zəngin bədii irsi ilə…