Xəbərlər

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

2026-cı il iyunun 16-da Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun-120” adlı dəyirmi masa keçirilib.

Tədbir bədii proqramla açılıb. Cahangir Cahangirov adına Xorun (bədii rəhbər – Əməkdar müəllim, dosent Təranə Yusifova) ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin Səməd Vurğunun sözlərinə bəstələdiyi “Ey Vətən” əsəri səsləndirilib.

Daha sonra tədbirin rəsmi hissəsində giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edib. Professor, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, onun görkəmli nümayəndələrinə və xüsusilə Səməd Vurğunun yaradıcılığına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. O, Səməd Vurğunun mənsub olduğu Vəkilovlar nəslinin Azərbaycan dövlətçilik tarixində və ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu nəslin üç nümayəndəsi parlamentdə deputat kimi fəaliyyət göstərərək gənc respublikanın quruculuğunda iştirak etmişdir. Eyni zamanda, Dərələyəz qəzasında Xalq qəhrəmanı Balo bəy Vəkilovun rəhbərliyi altında Azərbaycan torpaqlarının müdafiəsi və azadlığı uğrunda aparılan döyüşlərdə də bu nəslin nümayəndələri fəal iştirak etmişlər. Afət Abbasova qeyd edib ki, Səməd Vurğun irsinə dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rəsmi açılışdan sonra şairin zəngin həyat və yaradıcılıq yolunu əks etdirən geniş videoçarx nümayiş olunub. Daha sonra Prezident Kitabxanasının əməkdaşlarının hazırladığı Səməd Vurğunun irsini əhatə edən virtual sərgi təqdim edilib.

Dəyirmi masada Səməd Vurğunun Azərbaycan ədəbiyyatı və dilinin inkişafındakı xidmətləri, həmçinin dramaturji fəaliyyəti ətrafında çıxışlar dinlənilib. Natiqlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, yazıçı-publisist, dosent Şərəf Cəlilli, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Vəkilova şairin irsinin müxtəlif yönlərini təhlil ediblər.

Konfrans zalında keçirilən proqram professor Afət Abbasovanın yekun nitqi ilə başa çatıb.

Tədbirin ikinci hissəsi Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında təşkil olunub. Bədii proqram Səməd Vurğunun yaradıcılığına həsr edilmiş musiqi və poeziya nömrələri ilə davam edib. Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri şairin “Azərbaycan”, “Bayram qabağı”, “Ananın öyüdü” və “Şair, nə tez qocaldın sən” şeirlərini səsləndiriblər. Cahangir Cahangirov adına Xorun kiçik heyəti və xor üzvləri Səid Rüstəmov və Ələkbər Tağıyevin musiqisi əsasında hazırlanmış “Azərbaycan” kompozisiyasını, həmçinin Emin Sabitoğlunun “Dağlar” əsərini və xor üzvü Rəvan Qaçayevin ifasında Səid Rüstəmovun “Oxu gözəl” mahnısını təqdim ediblər.

Proqram çərçivəsində Əməkdar artist İlham Nəzərovun təqdimatında bəstəkar Sevda İbrahimovanın Səməd Vurğunun sözlərinə bəstələdiyi “Bir diyarın eşqinə” romansı səsləndirilib, müşayiəti Vurğun Vəkilov edib. Həmçinin pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə “İnsan məskən salır” filmindən musiqi nömrəsini ifa edib. Musiqi və bədii proqram iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Virtual sərgi
Səməd Vurğun

Səməd Vurğun

Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində mühüm rol oynamış sənətkarın zəngin bədii irsi milli…