Prezident Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın yaradıcılığına həsr olunmuş “Əhməd Cavad” adlı virtual sərgi hazırlanıb. Sərgi şairin zəngin ədəbi irsinin sistemli şəkildə təqdim olunmasını və geniş oxucu auditoriyası üçün əlçatanlığını təmin etmək məqsədi daşıyır.
Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus yeri olan Əhməd Cavadın yaradıcılığı milli azadlıq ideyaları və vətənpərvərlik ruhu ilə seçilir. Onun əsərlərində xalqın müstəqillik arzuları, milli məfkurə və dövlətçilik düşüncəsi poetik biçimdə ifadə olunur. Şairin irsi Azərbaycan poeziyasında istiqlal ideyalarının formalaşması və inkişafında mühüm rol oynayır.
Virtual sərgidə Əhməd Cavadın əsərləri ilə yanaşı, onun həyatı və yaradıcılığına həsr olunmuş müxtəlif dillərdə nəşr edilmiş elmi və ədəbi tədqiqatlar da təqdim edilir. Bu nəşrlər şairin poetik irsini, fəaliyyət göstərdiyi dövrün ictimai-siyasi mühitini və milli azadlıq ideyalarını müxtəlif rakurslardan işıqlandırır. Ekspozisiyada seçilmiş əsərlər topluları, ədəbi-tənqidi araşdırmalar, biblioqrafik göstəricilər, eləcə də Azərbaycan Demokratik Respublikası dövrünün ədəbi mühitini əhatə edən kitablar yer alır və bütövlükdə şairin yaradıcılığı barədə geniş təsəvvür formalaşdırır.
Hazırlanmış virtual sərgi istifadəçilərə Əhməd Cavadın irsini daha əhatəli şəkildə öyrənmək imkanı verir. Eyni zamanda, bu sərgi milli ədəbi irsin təbliği, oxu mədəniyyətinin təşviqi və gənc nəslin vətənpərvərlik ruhunda maarifləndirilməsi baxımından mühüm maarifləndirici resurs kimi çıxış edir.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. O, bütün varlığı ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu…