Prezident Kitabxanasının fonduna Xocalı şəhərinin tarixinə, coğrafiyasına, mədəni irsinə və soyqırımı həqiqətlərinə həsr olunmuş “Xocalı Ensiklopediyası” daxil olub.
XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən olan, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə törədilmiş Xocalı soyqırımı haqqında indiyədək istər azərbaycanlı, istərsə də xarici müəlliflərin yazdıqları onlarla kitab nəşr edilib. 2008-ci ildən etibarən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması məqsədilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilmişdir. Bundan sonra bir sıra dövlətlərdə müxtəlif səviyyələrdə Xocalı soyqırımının tanınması haqqında qətnamələr və qərarlar qəbul edimişdir.
Xocalı soyqırımının törədilməsindən keçən 30 ildən artıq müddətdə Xocalının tarixi keçmişi, erməni vandalları tərəfindən törədilən soyqırımının miqyası haqqında verilən məlumatların ümumiləşdirilərək ensiklopedik məlumat şəklində bir kitabın nəşrinə ehtiyac var idi. Bu məsuliyyətli işin öhdəsindən “Xocalı ensiklopediyası”nın müəllifləri Rüstəm Hacıyev, Dürdanə Əliyeva, Mübariz Allahverdiyev və Səriyyə Müslümqızı böyük məsuliyyətlə gəlmişlər. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə cari ildə 236 səhifə həcmində çap edilən nəşrin ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızıdır.
Ensiklopediyaya öncə Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlərin mətnləri daxil edilmişdir. Daha sonra Xocalı şəhəri və Xocalı rayonu haqqında oxuculara ümumi məlumat verilir. Xocalının tarixi abidələri, arxeoloji tədqiqatlar nəticəsində aşkarlanan kurqanlar, Xocalının adlı-sanlı şəxsiyyətləri haqqında ensiklopedik məlumat təqdim edilir. Ensiklopediyada “Xocalı soyqırımı abidələri", “Xocalıya ədalət” kampaniyası, Xocalı şəhərində 2026-cı ildə rəsmi açılışı olan Xocalı Memorial Kompleksi haqqında ətraflı məlumat verilir.
Ensiklopediyanın “Xocalı soyqırımı” bölməsində qanlı faciəyə aparan yol və soyqırımının miqyası haqqında məlumat verilir. Daha sonra Xocalı soyqırımının hər bir qurbanı haqqında foto şəkillərlə müşayiət olunmaqla, əlifba sırası ilə bioqrafik məlumat oxuculara təqdim edilir.
Prezident Kitabxanasının fondunu zənginləşdirən, geniş oxucu auditoriyası üçün faydalı olan “Xocalı ensiklopediyası” erməni vandalizminin mahiyyətinin və tarixi həqiqətlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xocalı ensiklopediyası / R. Hacıyev, D. Əliyeva, M. Allahverdiyev, S. Müslümqızı; ideya müəl., layihənin rəh. S. Müslümqızı.- Bakı: Orxan NPM, 2026.- 236 s.