







































Zəngilan şəhərinin tarixi inkişafını, maddi və qeyri-maddi mədəni irsini, təbii-coğrafi xüsusiyyətlərini və sosial-iqtisadi potensialını əks etdirən virtual sərgi bölgənin tarixi-mədəni dəyərlərinin öyrənilməsi və təbliğinə həsr olunmuşdur. Sərgidə şəhərin keçmişi, memarlıq abidələri, təbii sərvətləri, ənənələri və Azərbaycanın ictimai-siyasi həyatında rolu ilə bağlı materiallar təqdim edilir. 2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Zəngilan şəhərinin işğaldan azad edilməsi ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisə olmuşdur. Bu tarix Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və tarixi torpaqlarına bağlılığının təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. Virtual sərgidə Zəngilanın işğaldan azad edilməsindən sonra bölgədə həyata keçirilən bərpa və yenidənqurma tədbirləri, müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılan yaşayış mühiti, nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı, sosial obyektlərin yaradılması və iqtisadi potensialın reallaşdırılması istiqamətində görülən işlərə dair məlumatlar da əksini tapır. Xüsusilə Böyük Qayıdış proqramı çərçivəsində əhalinin doğma yurda qayıdışının təmin edilməsi, yaşayış məntəqələrinin yenidən məskunlaşdırılması və regionda dayanıqlı sosial-iqtisadi inkişafın formalaşdırılması sərginin əsas tematik istiqamətlərindəndir. Virtual sərgidə təqdim olunan kitablar Zəngilanın keçmişi ilə müasir inkişaf mərhələsi arasında əlaqələrin izlənilməsinə, şəhərin tarixi yaddaşının qorunmasına və onun mədəni irsinin geniş ictimaiyyətə çatdırılmasına imkan yaradır. Sərgi Zəngilanın tarixi və mədəni irsinin elmi-nəzəri baxımdan öyrənilməsinə, şəhərin işğaldan sonrakı inkişafının işıqlandırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə və gələcək nəsillərdə tarixi yaddaşın möhkəmləndirilməsinə xidmət edir.