Fevralın 28-də məşhur ingilis tədqiqatçısı və yazarı Qrem Vilson Prezident Kitabxanasının qonağı olmuşdur. Q.Vilson Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev haqqında ingilis dilində yazdığı sanballı kitabları ilə məşhurdur. Onun Azərbaycana budəfəki gəlişi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında kitab yazmaq üçün material toplaması ilə əlaqədardır. Kitabxananın direktoru Mayıl Əhmədov kitabxananın əməkdaşları tərəfindən  yaradılan “Azərbaycan Xalq Cümhuriyyəti” və  “Azərbaycan. Dövlət rəmzləri və atributları” elektron nəşrlərinin ingilis dilində versiyalarını qonağın diqqətinə çatdırmışdır. Qonağa həmçinin Xalq Cümhuriyyəti dövrü ilə bağlı Kitabxananın saytında yerləşdirilən kitabların və məqalələrin elektron versiyaları nümayiş etdirilmişdir. Razılığa gəlinmişdir ki, tədqiqatçının sorğuları əsasında lazımı materiallar kitabxananın əməkdaşları tərəfindən hazırlanaraq onun elektron ünvanına göndəriləcəkdir. Q.Vilson Prezident Kitabxanası ilə əməkdaşlıqdan məmnun olduğunu bildirmiş və kitabxanada görülən işləri yüksək qiymətləndirmişdir. Görüşdə “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev iştirak etmişdir.