Kitabxananın fəaliyyətinin əsas istiqamətləri - Kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir.

Fondumuz - Kitabxananın fondunda XVI - XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çap edilən 250 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Hazırda Kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.

Kitabxana proseslərinin avtomatlaşdırılması sistemi - Kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Kitabxanada lokal kompyuter şəbəkəsi yaradılmış, İnternetə çıxış təmin edilmişdir. Portativ kompyuterləri olan oxucular kitabxananın oxu zalından İnternetə simsiz əlaqə sistemi ilə də qoşula bilərlər. Kitabxanada İRBİS Kitabxana Avtomatlaşdırılma Sisteminin son versiyasının (IRBIS64+) tam komplekti tətbiq edilmişdir. Bu sistem fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Sistem həm də oxuculara Kitabxanada hazırlanmış tammətnli verilənlər bazasından istifadə etməyə imkan verir. Bundan əlavə, hər bir İnternet istifadəçisi Kitabxananın Web səhifəsi vasitəsi ilə onun Elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər.

Soraq-biblioqrafiya aparatı və biblioqrafik xidmət - Kitabxanada Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatı əks etdirən əlifba və sistemli kataloq tərtib edilmişdir. 2003-cü ildən etibarən Kitabxananın aldığı bütün kitablar haqqında məlumat Elektron kataloqa (EK) daxil edilir. 2004-cü ildən isə fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik təsvirləri də EK-nın tərkibindəki ayrı bir verilənlər bazasına daxil edilir. Kitabxanada müxtəlif təyinatlı biblioqrafik vəsaitlər də tərtib və nəşr edilir. EK-dan və biblioqrafik vəsaitlərin elektron variantlarından həm də Kitabxananın Web səhifəsi ilə də istifadə etmək olar. Kitabxana öz istifadəçilərinə tam həcmdə soraq-biblioqrafiya və biblioqrafik informasiya xidməti göstərir. Xüsusi oxucu qruplarına elektron poçt (E-mail) vasitəsilə də biblioqrafik informasiya xidməti göstərilir.

Kitabxanada ənənəvi kitabxana-biblioqrafiya xidmətləri ilə yanaşı, İnternetdən istifadə, müxtəlif təqdimatlar və mətbuat konfranslarının keçirilməsi, skaner, surətçıxarma, laminasiya və s. əlavə xidmətlərdən də istifadə etmək olar.