Xəbərlər

Prezident Kitabxanasına təhsil və və sosial elmlərə dair kitablar hədiyyə olunub

Prezident Kitabxanasına təhsil və və sosial elmlərə dair kitablar hədiyyə olunub

Prezident Kitabxanasına təhsil və və sosial elmlərə dair kitablar hədiyyə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Müslüm Nəzərov müəllifi olduğu kitabları Prezident Kitabxanasına hədiyyə edib. Nəşrlər təhsilin sosial-fəlsəfi əsasları, sosial fəlsəfə və sosial işin etik və fəlsəfi aspektlərini əhatə edir.

“Təhsilin sosial-fəlsəfi əsasları” monoqrafiyasında təhsilin sosial-fəlsəfi və pedaqoji mahiyyəti, müasir təhsil modelləri, təhsilin sosial əsasları və cəmiyyətin inkişafı ilə qarşılıqlı əlaqəsi araşdırılır. Nəşrdə, həmçinin postindustrial cəmiyyətdə təhsil mədəniyyətinin formalaşması, təhsilin müasir fəlsəfi problemləri və cəmiyyətin inkişafına təsir edən amillər təhlil olunur.

“Sosial işin etikası” kitabında sosial iş fərdin və cəmiyyətin rifahının yüksəldilməsinə, insanın sosiallaşmasına və çətin həyat şəraitində olan şəxslərin sosiallaşma imkanlarının genişləndirilməsinə yönəlmiş fəaliyyət kimi nəzərdən keçirilir. Kitabda peşəkar sosial işin etik əsasları və sosial xidmət sahəsində etik təminat məsələləri diqqət mərkəzindədir.

“Sosial fəlsəfə” dərs vəsaitində sosial fəlsəfənin fundamental əsasları, sosial idrakın xüsusiyyətləri, sosial determinizm, sosial zaman və məkan, cəmiyyətin tipologiyası, vətəndaş cəmiyyəti, qloballaşmanın sosial-fəlsəfi təhlili, cəmiyyətin mənəvi həyatı və postmodernizm kimi mövzular əhatə olunur. “Sosial işin fəlsəfəsi” dərs vəsaitində isə sosial işin elmi-nəzəri əsasları və fəlsəfi dəyərləri, dünyagörüşü prinsipləri, fəlsəfi antropologiya və insan problemi, sosial işin sosial varlıq və reallıqla əlaqəsi, eləcə də bu sahənin digər fəlsəfi aspektləri araşdırılır.

Nəşrlərin Prezident Kitabxanasının fonduna daxil edilməsi təhsil, sosial fəlsəfə və sosial iş sahələrindəki mövzuların araşdırılması üçün mövcud ədəbiyyatın zənginləşməsinə xidmət edir. Kitablar müəllimlər, magistrantlar, tədqiqatçılar və müvafiq sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.