Sovet sisteminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi geriliyinin aradan qaldırılması istiqamətində mühüm addımlar atmağa başladı. 1960-cı illərin sonlarına qədər respublikamızda əsasən neft sənayesinin inkişafında müəyyən irəliləyişlər olsa da, iqtisadiyyatın digər sahələrində çatışmazlıqlar mövcud idi. Azərbaycan sovetlər ittifaqının karbohidrogen xammalı istehsal edən əsas respublikası olaraq qalırdı. Neft və onunla bağlı olan sahələr respublikamızın xalq təsərrüfatına ümumi kapital qoyuluşunun böyük bir hissəsini özünə cəlb etsə də, istehsal və sosial infrastruktur zəif inkişaf etmişdi.