Əbülhəsən Bəhmənyar ibn əl-Mərzban orta əsrlərdə Azərbaycanda geniş yayılmış əsas fəlsəfi cərəyanlardan biri - Şərq peripatetizminin görkəmli nümayəndəsidir. Bəhmənyarın tərcümeyi-halına dair məlumatlar, təəssüf ki, olduqca azdır. Əli ibn Zeyd əl- Beyhaqinin (XII əsr), Şəmsəddin Şəhrəzurinin (XIII əsr) əsərlərində və bir sıra digər orta əsr mənbələrində göstərildiyi kimi, Bəhmənyar 993-cü ildə Azərbaycanda doğulmuşdur. Mənbələrdə bildirilir ki, o, İbn Sinanın şagirdi olmuş, müəyyən müddət Həmədanda yaşamış və öz müəlliminin vəfatından 30 il sonra, 1066-cı ildə dünyasını dəyişmişdir. Bəhmənyar lap gənc yaşlarından İbn Sinanın şagirdi olmuşdu.