Görüşlər
18 dekabr 2023-cü ildə Azərbaycana səfəri çərçivəsində Tacikistan Milli Kitabxanasının direktor müavini Zafar Saidov və Kitabxana işinin avtomatlaşdırılması şöbəsinin müdiri Xoji Akbari Prezident Kitabxanasında oldular. Qonaqları Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya və Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasova müşayət edərək incəsənət zalı, oxu zalı, internet zalı, abonament bölməsi, həmçinin nadir kitab fondu və konfrans zalı ilə tanış ediblər. Qonaqlara Prezident Kitabxanasının internet səhifəsi nümayiş etdirilib, kitabxananın yaranma tarixi, kitabxana əməkdaşları tərəfindən daim yenilənən layihələr haqqında ətraflı məlumat verilib. Müzakirələr zamanı hər iki kitabxana arasında daha sıx əməkdaşlıq edilməsi, dövri nəşrlərin, eləcə də ölkələrimizin ictimai-siyasi həyatına, iqtisadiyyatına, mədəniyyətinə dair kitabların mübadiləsi məqsədəyönlü hesab edilib.
2023-cü il 7-8 dekabr tarixlərində Prezident Kitabxanasının Kitabxana-biblioqrafiya xidməti bölməsinin böyük məsləhətçi-bölmə müdiri Sonaxanım Abasova Minsk şəhərində Belarus Respublikası Prezident Kitabxanasının yaranmasının 90 illik yubileyinə həsr olunmuş "İnformasiya mədəniyyəti və informasiya texnologiyaları: Prezident kitabxanalarının rolu" adlı beynəlxalq konfransda iştirak etmişdir.
Konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus Prezident kitabxanalarının nümayəndələri, Belarus Respublikasının dövlət və hökumət orqanlarının məsul əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak edirdilər.
Konfrans iştirakçıları konfransda qaldırılan məsələlərin əhəmiyyətini, qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladılar. Konfransda xüsusi məruzə ilə çıxış edən S. Abasova Belarus Prezident Kitabxanasının fonduna "İlham Əliyev - Böyük yolun Müzəffər davamçısı", "Карабах - дорогами победы" adlı kitabları və Azərbaycan xalçası (suvenir) hədiyyə etmişdir.
Konfrans iştirakçılarının Belarus Respublikasının Prezident Kitabxanasına, Milli Kitabxanasına, Müasir Belarus Dövlətçilik Muzeyinə, Belarusiya Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyinə maraqlı ekskursiyaları da təşkil edilmişdir.
23 noyabr 2023-cü ildə Türkiyə Böyük Millət Məclisinin Kitabxana və Arxiv xidmətləri başqanı Arif Şayık Prezident Kitabxanasında olmuşdur. Arif Şayık və onu müşayiət edən qonaqlar kitabxananın İncəsənət ədəbiyyatı zalı, Böyük oxu zalı, Nadir ədəbiyyat fondu və Konfrans zalında təşkil edilmiş sərgilərə baxmışlar. Elektron resurslar zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanı dünyaya tanıdan Lider” fotosərgisi qonaqlarınböyük marağa səbəb olmuşdur.
Görüşdə dövlət idarəetmə orqanlarında kitabxana-biblioqrafiya xidmətinin təşkili, türk xalqlarının dillərində olan nəşrlərin elektron kitabxanasının yaradılması, kitabxanalarla əməkdaşlığın gücləndirilməsi, kitab mübadiləsi, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
2023-cü il 21-25 avqust tarixlərində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov və Proqram təminatı qrupunun rəhbəri-aparıcı məsləhətçi Tuncay Hüseynzadə Niderland Krallığının Rotterdam şəhərində 88-ci Ümumdünya Kitabxana və İnformasiya Konqresində (İFLA) iştirak etmişdir.
Konfransa dünyanın 100 ölkəsindən 3000-dən çox qonaq qatılmışdı. Tədbirdə ölkəmizi Prezident Kitabxanası ilə bərabər ADA və UNEC Universitetlərinin nümayəndələri də təmsil edirdi. Qonaqları Niderland Krallığının şəhzadəsi Laurentin, İFLA prezidenti Barbara Lison, Mədəniyyət, təhsil və elm naziri Robert Dijkgroof və digər rəsmi şəxslər salamladılar. Çıxış edənlər "Let's work together! Let's library" şüarını önə çəkərək dayanıqlı inkişaf üçün kitabxanaların gələcək hədəfləri istiqamətində yeni ideyaları birgə müzakirə etməyə və əməkdaşlığı genişləndirməyə çağırmışlar. Panel iclaslarında dünya kitabxana işi, kitabxanalararası əməkdaşlıq, kitabxana resurslarının əlyetərliliyi, nəşriyyat işi, virtual arxiv və kitabxana xidmətləri, informasiya texnologiyaları və süni intellektin kitabxana işində tətbiqinə dair ətraflı müzakirələr aparılmışdır.
Prezident Kitabxanasının nümayəndələri həm də Rotterdam şəhər kitabxanasında olmuş, bu zəngin kitabxananın fonduna ölkəmizin tarixi, incəsənəti, musiqisi haqqında Heydər Əliyev Fondunun nadir nəşrlərini hədiyyə etmişdir. Həmçinin Niderland Krallığının Haaqa şəhərində yerləşən Milli Kitabxanasında, Haaqa Koninklijke şəhər kitabxanasında, Rotterdam şəhər Züidplein Kitabxanasında, Rotterdam Maritiem Muzeyi Kitabxanasında görüşlər keçirmiş, bu kitabxanaların iş metodları ilə tanış olmuş, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadilələri üçün imkanlar müzakirə edilmişdir.
2021-ci ilin noyabrın 22-də BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən bu təşkilata üzv inkişaf etməkdə olan ölkələr üçün “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın (Environmental Performance Review) hazırlanmasını həyata keçirən beynəlxalq ekspertlər - Nataliya Qolovko və Anjela Soxirka Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasını ziyarət etmişlər.
Görüşdə qonaqlar əsasən, Prezident Kitabxanasının ekoloji maarifləndirmə sahəsindəki fəaliyyəti ilə maraqlanmış və bu sahədə hazırlamış elektron resurslarla tanış olmuşlar. Kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan ekologiyası” sənəd-informasiya resursu və “Ekologiya” adlı məlumat-informasiya bülleteni haqqında qonaqlara geniş məlumat verilmiş, onları maraqlandıran suallar mütəxəssilər tərəfindən cavablandırılmışdır. Görüşdən razı qalan beynəlxalq ekspertlər öz hesabatlarında bu barədə məlumat verəcəklərini qeyd etmişlər.
2020-ci il yanvarın 24-də Bakıda səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyəti üzrə direktoru Svetlana Qoroxova, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Elmi və Tədris işləri üzrə direktoru Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, IPRbooks-un baş direktoru Natalya İvanova, IPRbooks-un layihə koordinatoru Vita Kutuyeva Prezident Kitabxanada olmuşlar. Görüş zamanı kitabxana proseslərinin modernləşdirilməsi, kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq, virtual biblioqrafik xidmət imkanlarından söhbət açılmışdır. Görüşün sonunda qonaqlara “Azərbaycan xalçaları” albom-kitabları və Azərbaycanın UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan nümunəsi olan kəlağayılar hədiyyə edilib. Öz növbələrində qonaqlar tərəfindən Prezident Kitabxanasına təmsil etdikləri müəssisələrin nəşrlərinin spesifik nümunələri hədiyyə olunub.
Avqustun 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, İrəvan xanlığının tarixi Azərbaycan xalqının min illər boyu yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Kitabxananın direktoru bildirmişdir ki, hazırda Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvani İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsidir. İrəvanın bir şəhər kimi çiçəklənməsi məhz Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edir. Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilmişdir. Əmir Əli çıxış edərək İrəvan şəhərini qurub yaradanların Azərbaycan türkləri olduqlarını qeyd etmiş, Hüseynəli xan nəslinin şəcərəsi haqqında, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat vermiş, nəsillər arasında əlaqələrin vacibliyini vurğulamışdır.
2019-cu il iyunun 25-də Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Amerxan Raximjanovun başçılıq etdiyi nümayəndə heyəti Prezident Kitabxanasında olmuşdur. Kitabxananın direktoru Mayıl Əhmədov görülən işlər barəsində qonaqlara ətraflı məlumat vermiş, bu cür görüşlərin kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsində və təcrübə mübadiləsinin həyata keçirilməsində böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Nümayəndə heyətinin rəhbəri A.Raximjanov başçılıq etdiyi kollektivin gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. Hər iki kitabxana arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barəsində ümumi razılığa gəlinmişdir.
2019-cu ilin may ayının 6-da Belarus Respublikası Prezident Kitabxanasının əməkdaşları – Belarus Prezident Kitabxanasının Belarus Respublkasının Prezidentinin İqamətgahındakı filialın müdiri Tatyana Lıçaqina və fondla iş sektorunun müdiri Nataliya Mizavtsova Prezident Kitabxanasında olmuşlar. Qonaqlarla kitabxananın aparıcı mütəxəssisləri arasında işgüzar görüş keçirildi. Görüşdə hər iki Prezident Kitabxanasının fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağı vurğulandı. Qonaqlar Prezident Kitabxanasının fondları və oxu zalları ilə tanış oldular. Görüşün sonunda xatirə hədiyyələri təqdim edildi.
2018-ci ilin dekabr ayının 12-də Qazaxıstan Respublikasının Birinci Prezidentinin - Elbası Kitabxanasının sosial-humanitar və təhsil layihələri xidmətinin rəhbəri Kunslu Serikovna İsinova və həmin xidmətin aparıcı eksperti Akbota Kamoyovna Xamitova Prezident Kitabxanasında oldular. Konfrans zalında qonaqlarla kitabxananın aparıcı mütəxəssislərinin görüşü zamanı hər iki Prezident Kitabxanasının fəaliyyət istiqamətləri barədə ətraflı informasiya mübadiləsi aparıldı, müzakirələrdə yeni layihələrin hazırlanması zamanı qarşılıqlı təcrübədən yararlanmağın faydalı olacağı vurğulandı. Qonaqlar Kitabxananın fondları və oxu zalları ilə tanış oldular. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edildi.
19 mart 2018-ci il tarixində İFLA-nın keçmiş prezidenti, tanınmış Kanada kitabxanaçısı xanım İnqrid Parent Prezident Kitabxanasında olmuşdur. Görüş zamanı xanım Parent Azərbaycan və Kanada kitabxanaları arasında əlaqələr qurulması, əməkdaşlığın təşkil edilməsi zərurətini qeyd etmiş və ölkəsinə qayıtdıqdan sonra bu istiqamətdə fəaliyyət göstərəcəyini bildirmişdir. Daha sonra qonaq Xatirə kitabına öz təəssüratını və kollektivə arzularını yazmışdır. Görüşün sonunda Kitabxananın direktoru Mayıl Əhmədov kanadalı qonağa Azərbaycanın tarixi və mədəniyyəti barədə kitabları hədiyyə etmişdir.
Fevralın 28-də 2018-ci il tarixində məşhur ingilis tədqiqatçısı və yazarı Qrem Vilson Prezident Kitabxanasının qonağı olmuşdur. Kitabxananın direktoru Mayıl Əhmədov kitabxananın əməkdaşları tərəfindən yaradılan “Azərbaycan Xalq Cümhuriyyəti” və “Azərbaycan. Dövlət rəmzləri və atributları” elektron nəşrlərinin ingilis dilində versiyalarını qonağın diqqətinə çatdırmışdır. Q.Vilson Prezident Kitabxanası ilə əməkdaşlıqdan məmnun olduğunu bildirmiş və kitabxanada görülən işləri yüksək qiymətləndirmişdir.
14 aprel 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sputnik-ə müsahibəsi barədə nəşr edilmiş albom-soraqça Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev tərəfindən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədova təqdim olunub. Albom-soraqça Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibənin nəticələrinə əsasən hazırlanmışdır. Görüşdə Əziz Əliyev albom və orada toplanmış materiallardan söz açıb.
18 yanvar 2017-ci ildə məşhur fransız yazıçısı Jerar Kardon Azərbaycana səfəri çərçivəsində Prezident Kitabxanası ilə tanış olmuşdur. Azərbaycan qadınına həsr olunmuş roman üzərində işlədiyini bildirən yazıçı kitabxananın fondunda görkəmli dövlət, mədəniyyət və elm xadimləri olan Azərbaycan qadınlarına aid kitablarla maraqlanmış, kitabxananın nadir, incəsənət və xarici ədəbiyyat fondları ilə tanış olmuşdur. Kitabxana ilə tanışlıqdan məmnun qaldığını bildirən Jerar Kardon Kitabxananın Xatirə kitabına öz ürək sözlərini yazmışdır.
18 oktyabr 2016-cı ildə Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Prezident Kitabxanasında olmuşdur. Kitabxananın kollektivini dövlət müstəqilliyimizin 25-ci ildönümü münasibətilə təbrik edən qonaq kitabxananı gəzmiş, burada yaradılmış elektron resurslarla ətraflı tanış olmuşdur. Görüşün sonunda Əhməd Samiyə Mədəniyyət Mərkəzinin kitabxanasında istifadə etmək üçün Azərbaycanın tarixinə, mədəniyyətinə, musiqisinə dair nəşrlər hədiyyə verilmişdir.
2016-cı ilin iyul ayının 12-də OCLC (Online Computer Library Center -Onlayn Kompyuter Kitabxana Mərkəzi) nümayəndələri Sezen Tan, Sinan Tan və Catherine Fureti Prezident Kitabxanasında olmuşlar. Görüşdə OCLC çərçivəsində dünya kitabxanalrının qlobal fəaliyyətləri haqqında söhbət açılmış, Worldcat sisteminə - Dünya kataloquna qoşulmaq məqsədilə əməkdaşlıq imkanları müzakirə edilmişdir
2015-ci ilin may ayının 15-də Türkiyənin Mədəniyyət Nazirliyinin Kitabxanalar və yayımlar baş idarəsinin material təchizatı müdiri Ender Güngör Prezident Kitabxanasında olmuşdur. Görüş zamanı Prezident Kitabxanasının Turkiyədə nəşr olunan kitabların və dövri nəşrlərin alınması üçün əməkdaşlıq haqqında danışıqlar aparılmışdır. Qonaq kitabxananın fəaliyyəti ilə tanış olmuş və kitablar hədiyyə etmişdir.
6 aprel 2015-ci ildə Azərbaycanda səfərdə olan Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz Prezident Kitabxanası ilə tanış olmuşdur. Prezident Kitabxananın direktoru M. Əhmədov kitabxananın fəaliyyətindən, uğurlarından, beynəlxalq əlaqələrindən danışmış və bu görüşün iki kitabxana arasında sıx əlaqələrin qurulmasına zəmin yaradacağını, kitabxanalararası əlaqələrin əhəmiyyətini və əməkdaşlığın formaları barədə təkliflərini bildirmişdir. O, hər iki kitabxanada müvafiq olaraq kitab və biblioqrafik resurs mübadiləsinin, təcrübə mübadiləsinin, seminar və konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsinin mümkünlüyünü qeyd etmişdir. Kitabxananın kollektivi ilə görüşdə Driss Khrouz Mərakeş Milli Kitabxanası barədə ətraflı məlumat vermiş, Milli Kitabxanada fondun rəqəmsal formata keçirilməsi və informasiya texnologiyalarının tətbiqindən danışmışdır.
2014-cü ilin iyulun 13-də Dağıstan Respublikası Rəsul Həmzətov adına Xasavyurt Mərkəzi Şəhər Kitabxanasının kollektivi Prezident Kitabxanasında olmuşlar. Qonaqlara Prezident Kitabxanasının Oxu zallarında, Elektron resurslar zalında, Konfrans zalında oxuculara göstərilən kitabxana-informasiya xidməti barədə ətraflı məlumat verilmiş, müasir dövrdə kitabxanaların qarşısında duran məsələlərə dair, xüsusilə kitabxana fondunun rəqəmsallaşdırılması sahəsində sıx əməkdaşlıq etmək qərara alınmışdır. Görüş zamanı Xasavyurt MKS-in əməkdaşları Prezident Kitabxanasının iş təcrübəsi ilə tanış olmuş və kitabxana-informasiya xidmətininmüasir formaları barədə geniş fikir mübadiləsi aparılmışdır. Qonaqlar Dağıstanın tarixinə, mədəniyyətinə aid kitabları Prezident Kitabxanasına hədiyyə vermişlər.
2014-cü ilin iyunun 12-də Türkiyənin Biləcik Şeyx Ədəbəli Universitetinin Kitabxana və informasiya mərkəzinin müdiri Mustafa Sərin Prezident Kitabxanasında olmuşdur. Qonağa Prezident Kitabxanasının elektron resursları, kitabxana proseslərinin avtomatlaşdırılması və fondun rəqəmsallaşdırılması haqqında geniş məlumat verildi. Bildirildi ki, Türkiyə kitabxanalarının iş təcrübəsini öyrənmək, əməkdaşlıqları artırmaq üçün belə görüşlərin böyük əhəmiyyəti vardır. Görüş zamanı kitabxana proseslərinin avtomatlaşdırılmasıda RFİD sisteminin tətbiqindən geniş söhbət açılmışdır. Gələcəkdə bu sahədə təcrübə mübadiləsi aparmaq üçün razılıq əldə olunmuşdur.
2013-cü ilin noyabrın 25-də “Amerika Kitabxanaları” jurnalının keçmiş baş redaktoru Leonard Kriffel Prezident Kitabxanasına gəlmişdir. Qonaq Prezident Kitabxanasının iş fəaliyyəti, kitabxananın fondu, oxu zalları və elektron resursları ilə tanış oldu. Görüşdə müasir kitabxanaların inkişaf problemləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı. L. Kriffel son illər Azərbaycanda kitabxana işinin vəziyyəti ilə daha çox maraqlandığını və onun dinamik inkişafda olduğunu qeyd etmişdir.
2013-cü ilin sentyabrın 26-da Avropa Milli Kitabxanaları Konfransının Bakıda keçirilən XXVII illik iclasının iştirakçısı, Boris Yeltsin adına Rusiya Federasiyası Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşinin Prezident Kitabxanasında olmuşdur. Əvvəlcə Prezident Kitabxanasının fondları və iş prinsipi ilə tanış olan qonaq həm də rəhbərlik etdiyi kitabxana haqqında həmkarlarına ətraflı məlumat vermişdir. Aleksandr Verşinin bildirmişdir ki, əsası 2007-ci ildə Sankt-Peterburq şəhərində qoyulan Boris Yeltsin adına Prezident Kitabxanası Federal büdcədən maliyyələşdirilir və o, Rusiyada milli kitabxana statusuna malik olan üç kitabxanadan biridir. Aleksandr Verşinin daha sonra bildirmişdir ki, direktoru olduğu kitabxananın fondlarının əsasını nadir tarixi sənədlər və kitablar, əvvəllər istifadəsinə məhdudiyyət qoyulan arxiv sənədləri, çar Rusiyası dövrünün fərmanları, audio və videoxronikalar və s. təşkil edir. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov həmkarına son 10 il ərzində kitabxanada görülən işlər, yaradılan elektron resurslar haqqında ətraflı məlumat vermiş, təcrübə mübadiləsinin kitabxanaların fəaliyyətinin daha da yaxşılaşdırılması işində mühüm amil olduğunu vurğulamışdır. Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.
2013-cü il sentyabrın 26-da Avrasiya Kitabxanaçılar Birliyinin başqanı Suna Gercik və başqan yardımçısı Ekrem İşıq Prezident Kitabxanasının kollektivi ilə görüşmüşlər. Görüşdə bu beynəlxalq qurum çərçivəsində Türkdilli dövlətlərin aparıcı kitabxanalarının yenilikçi iş təcrübələri sahəsində əməkdaşlıqlarının vacibliyi vurğulandı, türkdilli xalqların vahid elektron kitabxanasının yaradılması ideyası dəstəkləndi. Görüş zamanı Prezident Kitabxanasına Turkiyədə nəşr olunan kitabların və dövri nəşrlərin alınması məqsədilə danışıqlar aparılmışdır. Qonaqlar kitabxananın fəaliyyəti ilə tanış oldular və onun fonduna Türkiyənin tarixinə, mədəniyyətinə dair kitablar hədiyyə verdilər.
2013-cü il sentyabrın 25-də Litva Respublikasının Martinas Majvidas adına Milli Kitabxanasının baş direktoru Renaldas Qudauskas Prezident Kitabxanasını ziyarət etmişdir. Baş direktor Prezident Kitabxanasının kollektivi ilə keçirilən görüşün maraqlı və əhəmiyyətli olduğunu bildirdi. Prezident Kitabxanasının iş fəaliyyəti haqında qonaga ətraflı məlumat verildi. Görüşün sonunda Litva Respublikasının Milli Kitabxanası ilə Prezident Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalandı. Bu Memorandumun hər iki kitabxananın oxucuları üçün çox faydalı olacağı qeyd edilmişdir. Memorandumda elektron resursların mübadiləsi, sənədlərin konservasiya və qorunması məsələləri xüsusi vurğulanır.
3 dekabr 2012-ci ildə Yunanıstan Milli Kitabxanasının direktor müavini Antonia Arahova Prezident Kitabxanasında olmuşdur. Qonaq Prezident Kitabxanasının fondları, oxu zalları, elektron resursları ilə tanış olduqdan sonra, kitabxana kollektivi ilə görüşmüşdür. Görüşdə informasiya texologiyalarının müasir durumu, kitabxanalar arasında sıx əməkdaşlıq üçün yaxşı zəmin olduğu qeyd edilmişdir. Qonaq Azərbaycan kitabxanaları ilə, xüsusilə Prezident Kitabxanası ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bunun hər iki ölkənin oxucuları üçün yaxşı imkan olaçağını bildirdi.
5 noyabr 2012-ci ildə Prezident Kitabxanasında Bakıda keçirilən Beynəlxalq İnternet İdarəçiliyi Forumunun iştirakçıları - Stuart Hamilton, Ari Kats və İrina Truşına Azərbaycan kitabxanalarının nümayəndələri ilə görüş keçirmişlər. Beynəlxalq Foprum çərçivəsində keçirilən bu görüşdə kitabxanaların qlobal internet şəbəksindən kəsintisiz istifadəsi və informasiya texnologiyaları sahəsində yeniliklərinin kitabxana işinə tətbiqindən geniş söhbət açılmışdır. Görüş qarşılıqli dialoq və sual-cavab formasında keçirilmişdir. Qeyd olunmuşdur ki, bu cür müzakirələr ümumi işin daha da yaxşılaşdırılmasına kömək edir.
2012-ci il martın 12-də M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Geniyeva Yekaterina Yuryevnanın rəhbərlik etdiyi nümayəndə heyətinin Prezident Kitabxanası əməkdaşları ilə görüşü keçirilmişdır. Qonaqlar əvvəlcə Kitabxananın İncəsənət şöbəsi, İnternet zalı, Oxu zalı, Nadir Ədəbiyyat fondu ilə tanış oldular. Sonra Konfrans zalda hər iki Kitabxananın aparıcı mütəxəssislərinin iştirakı ilə ikitərəfli əməkdaşlığa, təcrübə mübadiləsinə, yeni texnologiyaların tədbiqinə, kitab mübadiləsinə dair müzakirələr aparıldı. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonaqlara kitabxana haqqında ətraflı məlumat verdi, onların müxtəlif suallarını cavablandırdı. Rusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Y. Y. Geniyeva, icraçı direktor G. A. Petrov, direktor müavini A.S. Qoroxova öz işləri barədə danışdılar, ikitərəfli əlaqələrin qurulmasından, nadir kitabların bərpa edilməsi sahəsindəki təcrübələrindən və yeni nəşrlərin komplektləşdirilməsi sahəsində birgə fəaliyyət göstərməyin istiqamətləri barədə təkliflər verdilər, Prezident Kitabxanasına öz nəşrləri olan “Acıq rəf” seriyasından dörd adda yeni kitab hədiyyə etdilər.
2012-ci il fevralın 14-də Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıyın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Prezident Kitabxanasında olmuşdur. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonaqlara kitabxanada görülən işlər haqqında ətraflı məlumat vermişdir. Rusiya Dövlət Kitabxanası ilə əməkdaşlığın Prezident Kitabxanasına böyük fayda gətirdiyi vurğulanmış və gələcəkdə əməkdaşlıq formalarının daha da genişləndirilməsi üçün razılıq əldə edilmişdir. Rusiya Dövlət Kitabxanasının tarixi, strukturu, zəngin fondları haqqında məlumat verən Aleksandr Vislıy müəllif hüquqlarının qorunması şərti ilə elektron resursların yaradılması sahəsində görülən işlərdən danışmışdır. Prezident Kitabxanasının əməkdaşlarının elektron kitabxana, elektron resurslar, kitabxana işinin avtomatlaşdırılması, nadir kitab nümunələrinin elektron variantının hazırlanmasına dair maraqlı sual və təklifləri qonaqlar tərəfindən hərtərəfli cavablandırılmışdır. Sonda qonaqlara Azərbaycan Respublikasının Prezidenti haqqında nəfis şəkildə nəşr olunmuş kitab və xatirə hədiyyəsi təqdim edilmişdir.
2011-ci il 5 noyabr tarixində OCLC (Onlayn Kompyuter Kitabxana Mərkəzi) təşkilatının MDB ölkələri üzrə koordinatoru Reyn van Haldropinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Prezident Kitabxanasında “OCLC: üzvülük və servislər yeni erada” mövzusunda görüş keçirilmişdir. Kitabxana sahəsi üzrə beynəlxalq ekspertlərin iştirak etdiyi görüşdə informasiya, toplu katalaoq və avtomatlaşdırmaya dair mütəxəssislərin fikirləri dinlənilmişdir. Görüşün məqsədi Prezident Kitabxanasının dünya informasiya məkanına inteqrasiyası və onun həlli yollarını müzakirə etməkdən ibarət olmuşdur. Bu sahədə yarana biləcək problemlərin aradan qaldırılması üçün OCLC-i ekspertləri xüsusi tədbirlər görəcəklərini öhdələrinə götürmüşlər. Gələcəkdə də belə səmərəli görüşlərin keçirilməsi üçün razılıq əldə olunmuşdur.
2011-ci ilin sentyabrın 14-də ölkəmizdə səfərdə olan Çexiya Milli Kitabxanasının baş direktoru Tomaş Böhm və Çexiya Milli Muzeyinin direktoru Mixail Lukeş Prezident Kitabxanasında olmuşlar. Qonaqlara kitabxana haqqında ətraflı məlumat verilmiş, kitabxananın fondları və oxu zallarına baxış keçirilmişdir. Nadir ədəbiyyat fondu qonaqlarda xüsusi maraq oyatmışdır. Görüş zamanı qeyd olunmuşdur ki, Çexiya Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatlar da qorunmaqdadır. Gələcəkdə Nizami Gəncəvinin əsərlərindən ibarət sərginin Praqada təşkil olunmasını təklif edəcəklərini söyləmişlər. Qonaqlar Prezident Kitabxanasındakı görüşdən məmnunluğunu bildirmişlər.
2008-ci ilin noyabrın 25-də Kitabxana Assosiasiyaları və Təsisatları Beynəlxalq Federasiyasının (İFLA) prezidenti xanım Ellen Tise Prezident Kitabxanasında olmuşdur. Xanım E.Tisen Prezident Kitabxanasının fondunda dövlət quruculuğu, ölkəşünaslıq, ictimai-siyasi, hüquqi, iqtisadiyyat, incəsənət, ədəbiyyatşünaslıq, dilçilik bölmələrinə maraqla tamaşa etmişdir. Qonaq kitabxananın şəraiti, şöbələrin fəaliyyəti ilə tanış olmuşdur. Kitabxananın fondundan, zalların müasirliyindən razı qalan xanım Ellen Tise bu elm və mədəniyyət ocağı barədə müsbət fikirlər söyləmişdir. O bildirmişdir ki, İFLA-nın növbəti konfransında Azərbaycan kitabxanalarının İFLA-da geniş təbliği və əməkdaşlığın hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Görüş çərçivəsində E.Tisen jurnalistlərin və əməkdaşların suallarına cavab vermişdir. O, dünyanın heç bir yerində azərbaycanlıların qonaqpərvərliyi, sevgisi qədər xoş münasibət görmədiyini bildirmişdir.
2008-ci ilin martın 18-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri V. İstratov Prezident Kitabxanasına kitablar hədiyyə etmişdir. Səfirə bildirilmişdir ki, Prezident Kitabxanası Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, dövlət başçısının xarici və daxili siyasəti, Ümummilli lider Heydər Əliyevin zəngin irsi barədə faktoqrafik elektron resurslar hazırlayıb istifadəçilərə təqdim edir. V. İstratov demişdir ki, Humanizm, məhəbbət, mənəvi kamillik kimi ümumbəşəri dəyərləri təbliğ edən Rusiya klassiklərinin əsərləri həmişə oxunaqlı olmuşdur. Bu baxımdan, hədiyyə edilən böyük kolleksiya kitabxananın gələcək fəaliyyətinə kömək edəcəkdir. Səfir V. İstratov bildirmişdir ki, Prezident kitabxanasına kitablar ilk dəfə təqdim olunur və təcrübə göstərir ki, oxucusunu tapacaqdır. Onun sözlərinə görə, kitabların siyahısı formal məntiq əsasında tərtib edilmişdir. Gələcək əməkdaşlıq isə tələbat və təklif prinsipinə uyğun qurulacaqdır. Mərasimin sonunda V. İstratova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən yeni kitablar təqdim edilmiş, səfir Prezident Kitabxanasının fondu ilə tanış olmuşdur.
2007-ci ilin dekabrın 27-də Prezident Kitabxanasında Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin ilə görüş keçirilmişdir. Ölkəmizdə işgüzar səfərdə olan qonağa Prezident Kitabxanasının yaradılması və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. İ.Serageldinə kitabxananın strukturu, burada həyata keşitilən layihələr, hazırlanan tammətli elektron nəşrlər, elektron biblioqrafik göstəricilər, məlumat bülletenləri haqqında da məlumat verilmişdir. Qonaq kitabxanada nümayiş olunan “Azərbaycan-Misir ədəbiyyatşünaslığı yeni mərhələdə” adlı kitab sərgisinə də baxmışdır. İ.Serageldinə İsgəndəriyyə kitabxanası üçün kitab hədiyyə edilmişdir. Qonaq xatirə kitabına ürək sözlərini yazmışdır.
2007-ci ilin martın 30-da Latviya Respublikasının elektron hökumət işləri üzrə xüsusi tapşırıqlar naziri xanım İna Qudele və onu müşayiət edən şəxslər Prezident Kitabxanasında olmuşlar. Qonaq kitabxananın zallarını gəzmiş, buradakı sərgilərə baxmışdır. O, 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş guşədəki eksponatlara maraq göstərmiş və demişdir ki, biz də belə hadisə yaşadığımız üçün sizi yaxşı başa düşürəm. Sonra dəyirmi masa ətrafında davam edən görüşdə qonaqlara kitabxana haqqında ətraflı məlumat verilmişdir. İna Qudele ölkəsində belə kitabxana olmadığını qeyd etmiş və burada görülmüş işlərə heyranlığını gizlətməmişdir. Latviyalı nazir kitabxana proseslərinin avtomatlaşdırılması sisteminə, kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə böyük maraq göstərmiş, kitab mübadiləsinin vacibliyini vurğulamışdır. Kitabxananın mütəxəssisləri qonaqları maraqlandıran suallara cavab vermişlər. İna Qudele fəxri qonaqlar kitabına ürək sözlərini yazmış, kitabxanaya Latviya haqqında kitab təqdim etmişdir. Qonağa Xocalı soyqırımından və Azərbaycandan bəhs edən kitablar hədiyyə olunmuşdur.
2006-cı ilin iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Kitabxanasında olmuşdur. Prezident İlham Əliyev kitabxananın nadir ədəbiyyat fondu, kitabxana-biblioqrafiya xidməti və oxu zalları ilə tanışlıqdan sonra fondun kataloqlaşdırılması və elektron nəşrlərlə komplektləşdirilməsi ilə maraqlandı. Dövlət başçısına bildirildi ki, elektron nəşrlərə ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi zaman söylədiyi nitqləri, məruzələri, çıxışları, müsahibələri, habelə 2003-cü ilin oktyabr ayından başlayaraq, Prezident İlham Əliyevin müxtəlif tədbirlərdəki nitq və çıxışları, həmçinin müsahibələri daxildir. Elektron nəşrlərdə ölkəmizin ictimai-siyasi və mədəni həyatının ən mühüm sahələrini əks etdirən materiallar da toplanır. Azərbaycan Prezidenti kitabxananın fondunun daha da zənginləşdirilməsi, habelə madi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tövsiyələrini verdi.