Ekoloji siyasət və dayanıqlı inkişaf
Sadiq Qurbanovun ideya rəhbərliyi ilə nəşr olunan “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003–2023)” üçcildliyi müasir eko-təfəkkürün hüquqi, siyasi, mənəvi aspektlərinin zənginləşməsində əhəmiyyətli əyani vəsaitdir.
Toplunun elmi redaktoru Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, tərtibçilər isə hüquqşünas Səməd Vəkilov və Prezident Kitabxanasının məsul əməkdaşı Zakir İsmayılovdur.
Üçcildlik topluda Pezident İlham Əliyevin ekoloji siyasətinin bütün təfərrüatları geniş formada əksini tapır. Həmçinin bu istiqamətdə formalaşan qanunvericilik bazası xronoloji və aydın olaraq sıralanır. Kitabların mühüm bir fəlsəfəsi həm də sübut edir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi dövlət başçımızın uzun illər ərzində bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə apardığı böyük ekoloji siyasətinin bəhrəsidir.
Bu tədbir dünyanın müasir gündəmində ən aktual məsələlərdən biridir. Komissiya sədri Sadiq Qurbanov təşəbbüs göstərib bu kitabları ərsəyə gətirməklə elmi-ictimai mühitə böyük töhfə vermiş, sözügedən istiqamətin mənbəşünaslıq bazasını zənginləşdirərək mühüm bir eko-elmi-innovativ layihəyə imza atmışdır.
Hüseyn İBRAHİMOV,
fəlsəfə doktoru, “Yaşıl enerji”yə Dəstək Elmi-İnnovativ Təşəbbüs Qrupu Əlaqələndirmə Şurasının həmsədri
Xalq qəzeti.- 2024.- 18 iyul.- № 149.- S. 8.