İyulun 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq dövlət başçısı tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından bu sərəncamın əhəmiyyətini qeyd edib.

O, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarın Azərbaycanın növbəti tarixi uğuru olduğunu vurğulayıb. AMEA rəhbəri bildirib ki, bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir.

Akademik İsa Həbibbəyli ictimaiyyətə təqdim olunan “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin COP29 strategiyasına və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olduğunu bildirib. Kitabda Prezident İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair çıxışları, görüşləri və seçilmiş iqtibasları xronoloji ardıcıllıqla verilib.

Çıxışının sonunda AMEA rəhbəri “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin tədqiqatçılar, eləcə də ekoloji siyasət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün mötəbər mənbə, etibarlı bələdçi olduğunu bildirib.

Sonra Ekologiya və təbii sərvətlər naziri, COP 29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxış edərək kitabın mahiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib. O, ictimaiyyətə təqdim edilən üçcildlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş strateji sənədlər, fərman və sərəncamlar, qanunvericilik aktları, Dövlət Proqramları və Beynəlxalq Konvensiyalar haqqında geniş məlumatların yer aldığını diqqətə çatdırıb.

Daha sonra nəşrin redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik  Urxan Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və digərləri təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər. Bildirilib ki, ekoloji maarifləndirmə məqsədilə çap olunan kitabda 62 qanun, 97 fərman, 95 sərəncam öz əksini tapıb.

Sonda  layihənin rəhbəri və baş məsləhətçi, nəşrin “Ön söz”ünün müəllifi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, eyni zamanda, nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşək-kürünü bildirib. O, Zakir İsmayılov və Səməd Vəkilovun tərtibçiliyi ilə nəşrə hazırlanmış çoxcildliyin qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyib.

 

Qabil YUSİFOĞLU

Xalq qəzeti.- 2024.- 9 iyul.- № 141.- S. 9.