1992-ci il fevralın 26-na keçən gecə misli görünməmiş faciə törədildi. Erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birlikdə Xocalı soyqırımını törətdilər. 7 min nəfərə yaxın əhalisi olan Xocalı şəhəri topların və zirehli texnikanın köməyi ilə yerlə yeksan edildi. Mühasirədə olan şəhərin bütün əhalisi - körpə, əlsiz-ayaqsız qocalaradək ucdantutma məhv edildi, bir çoxu isə əsir götürüldü. Günahsız, əliyalın insanlar təqib edilərək çöllərdə və meşələrdə güllələndilər. Meyitlərin dərisini soydular, bədən üzvlərini doğradılar.

Dünya mətbuatı Xocalı adlı bir şəhərin erməni vandalları tərəfindən yer üzündən silinməsi, əhalisinin soyqırımına məruz qalması haqqında xəbərlər və hadisə yerindən reportajlar yaydı. Çox təəssüf ki, sonradan Azərbaycan xalqının bu faciəsinə də biganəlik göstərildi, fəryadımızı özümüzdən başqa kimsə eşitmək istəmədi. Təqdirəlayiqdir ki, son illər istər ölkəmizdə, istərsə də xarici ölkələrdə bir çox kitablar yazılmış, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılmış, dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmış, xarici ölkələrdəki səfirlik və nümayəndəliklərimizdə, diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfransları, anma mərasimləri keçirilmiş, xarici mətbuat və teleradio kanallarında materiallar yayınlanmışdır.

Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında 2007-ci ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşr yeni materiallar hesabına əsaslı surətdə yenilənmişdir.

Prezident Kitabxanasından verilən məlumatda bildirilir ki, elektron nəşrə daxil olan materiallar 6 bölmədə qruplaşdırılmışdır. “Xocalı soyqırımı” adlanan bölmədə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası haqqında istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin ümumi siyahısı və s. materiallar toplanmışdır. “Rəsmi materiallar” bölməsində Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində atılan addımlar, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara müraciətlər, Xocalı faciəsinin beynəlxalq hüquq normaları baxımından soyqırımı kimi tövsif edilməsi haqqında rəsmi sənədlər toplanmışdır. “Xocalı soyqırımının əks-sədası” bölməsində isə bugünədək Xocalı soyqırımı ilə bağlı yerli və xarici mətbuatda dərc olunan, elektron kütləvi informasiya vasitələrində əksini tapan seçmə materiallar yerləşdirilmişdir. Bu bölmədə həmçinin Heydər Əliyev Fondunun Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, müxtəlf dillərdə çap etdirdiyi nəşrlər haqqında məlumatlar toplanmışdır.

İslam Konfransı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından etibarən “Xocalıya ədalət” devizi altında beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqqında materiallar xronoloji ardıcıllıqla toplanaraq ayrıca bölmə şəklində istifadəçilərin diqqətinə çatdırılır.

“Elektron kitablar” bölməsində isə xalqımızın qan yaddaşına çevrilmiş bu faciədən bəhs edən seçilmiş kitabların elektron versiyaları toplanmışdır. Burada Həvva Məmmədovanın “Xocalı - səhidlər və şahidlər” (üç dildə), Səriyyə Müslümqızının “Ölümdən o yandakı Xocalı”, “Ümid olmasa ölərəm” (ingilis dilində), Əsli Xəlilqızının “Güllələnmiş uşaqlıq” (üç dildə), Yuri Pompeyevin “Qarabağ qan içində” (Azərbaycan və rus dillərində), Feliks Sersvadzenin “Unudulmuş soyqırımı” (rus dilində), Akif Aşırlının “Türkün Xocalı soyqırımı”, Allahyar Xocalının “Vətən ağrısı, torpaq yanğısı”, Elmira Axundovanın tərtib etdiyi “Xocalı - soyqırımının xronikası” (rus dilində) kitablarının elektron versiyaları hazırlanaraq oxucuların istifadəsinə təqdim edilir.

“Xocalı soyqırımı saytlarda” bölməsində istifadəçilər mövzu ilə bağlı faydalı saytlara yönəldilir.

 


AZƏRTAC.- 2010.- 23 fevral.