Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. “Ekologiya ili” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir, spesifik sahələr üzrə elektron resurslar yaradılır, əhali arasında maarifləndirmə işləri gücləndirilir.

Bu gün dünyada ən aktual məsələlərdən biri bəşər sivilizasiyasının və onu əhatə edən ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, iqtisadiyyatın sürətli inkişafı ilə ətraf mühitin mühafizəsinin uzlaşdırılmaması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Bunlardan əlavə, atmosferin ozon qatının dağılması, qlobal istiləşmə, səhralaşma prosesinin getdikcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması dünyanı narahat edən ciddi problemlərdir.

Ətraf mühitin mühafizəsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir və bu sahədə ciddi islahatlar həyata keçirilir. Bu gün Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair bütün vacib beynəlxalq konvensiyalara qoşulmuşdur. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmiş və bir sıra proqramlar qəbul olunmuşdur. Qarşıya qoyulan vəzifələrin müvafiq dövlət orqanları tərəfindən icrasına nəzarət edilir.

Ölkəmizdə ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, şəhərlərimizdə atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı gündən-günə artırır.

Respublikamızda əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədi ilə Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan ekologiyası” adlanan və beş fəsildən ibarət olan sənəd-informasiya resursu hazırlamışlar. “Ümumi məlumat” adlanan birinci fəsildə “Ekologiya nədir” sualı cavablandırılır, ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətləri təhlil edilir, ekoloji-coğrafi rayonlaşdırmanın təsviri verilir. Həmin fəslin “Biomüxtəlifliklər” bölməsində Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyəti araşdırılır, 13 dövlət təbiət qoruğu ilə yanaşı, palçıq vulkanları qrupu təbiət qoruğu, 8 milli park, 23 dövlət təbiət yasaqlığı haqqında məlumat verilir. Sənəd-informasiya resursunun ikinci fəsli “Ekoloji problemlər” adlanır. Bu fəsildə Abşeron yarımadasının, Xəzər dənizinin, çayların ekoloji problemləri, habelə atmosferin çirklənməsi, səhralaşma, torpaqların eroziyası, qlobal istiləşmə, ozon qatının qorunması problemlərinə aid bölmələr verilmişdir. Bunlardan əlavə, Ermənistan ərazisindən keçib gələn çayların zərərli tullantılarla çirkləndirilməsi, işğal altında saxlanılan ərazilərdə biomüxtəlifliyin məhv edilməsi, radioaktiv tullantıların həmin ərazilərdə basdırılmasına aid məlumatlar “Ekoloji terror” başlığı altında təqdim olunur.

Resursun “Ekoloji maarifçilik” adlanan üçüncü fəslinin birinci bölməsində özündə bu sahəyə aid 1000-dən artıq termin və anlayışı əks etdirən elektron “Ekoloji lüğət” təqdim edilir. Azərbaycanın 60-a yaxın ekoloq alimi haqqında bioqrafik və biblioqrafik məlumatlar “Ekoloq alimlərimiz” bölməsində toplanmışdır. “Ekoloji təqvim” adlanan bölmədə isə istər beynəlxalq aləmdə, istərsə də ölkə miqyasında ekologiya və ətraf mühitlə bağlı qeyd edilən hadisələrin və əlamətdar günlərin təqvimi təqdim olunur. Elektron resursun “Qanunvericilik bazası” adlanan dördüncü fəslində Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən indiyədək ekologiya və ətraf mühitə dair qəbil edilmiş rəsmi sənədlər toplanmışdır. Rəsmi sənədlərə iki Milli Proqramın, bir Milli Strategiyanın, 4 Dövlət Proqramının, Azərbaycan Respublikasının 83 qanununun, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 72 Fərman və 67 Sərəncamın, Nazirlər Kabinetinin və digər mərkəzi icra orqanlarının 174 qərarının, habelə ölkəmizin qoşulduğu 20 Beynəlxalq Konvensiya və Protokolun tam mətnləri daxil edilmişdir. Sənəd-informasiya resursunun sonuncu - 5-ci fəsli “Elektron resurslar” adlanır. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekoloji siyasəti” adlanan bölmədə dövlət başçısının ekologiyaya aid keçirdiyi müşavirələrin materiallarının tam mətnləri, iştirak etdiyi tədbirlərdəki çıxışları, müsahibələri, ekologiyaya dair söylədiyi fikirlər toplanmışdır. Fəslin “E-kitablar” bölməsində Kitabxananın fondunda olan ekologiyaya aid 12 seçmə kitabın elektron versiyası istifadəçilərə təqdim edilir.

Kitabxananın əməkdaşları tərəfindən ekologiyaya aid dövri mətbuatda Azərbaycan, rus və ingilis dillərində dərc edilən 150-dən artıq aktual elmi-publisistik məqalənin elektron mətni “Məqalələr” bölməsində toplanmışdır. “Biblioqrafiya” bölməsində ekologiyaya aid Azərbaycan, rus və ingilis dillərində 220 kitabın, həmçinin 2004-cü ildən Kitabxanaya daxil olan dövri mətbuatdan seçmə 500-ə yaxın məqalənin biblioqrafik təsvirləri verilmişdir.

“Saytlar” bölməsində dövlətin ekoloji siyasətini həyata keçirən rəsmi qurumların, habelə ekoloji maarifləndirmə funksiyasını yerinə yetirən qeyri-hökumət təşkilatlarının saytlarının ünvanları yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının www.preslib.az saytında yerləşdirilən “Azərbaycan ekologiyası” sənəd-informasiya resursu üç versiyada - Azərbaycan, ingilis və rus dillərində hazırlanmışdır və vaxtaşırı yenilənir.

 


AZƏRTAC.- 2009.-21 may.