Prezi̇dent ki̇tabxanasının fondu yeni̇ Rusi̇ya nəşrləri̇ i̇lə zəngi̇nləşmi̇şdi̇r
AzərTAc xəbər verir ki, martın 18-də “Uşaqlar üçün dünya ədəbiyyatı kitabxanası”, “Dünya klassikası” və digər silsilələrdən hərbi-tarixi mövzuda 80-nə yaxın kitab Rusiya hökuməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına hədiyyə edilmişdir. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun iştirak etdiyi mərasimdə kitabxananın direktoru Mail Əhmədov bildirmişdir ki, fundamental Prezident kitabxanası Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, dövlət başçısının xarici və daxili siyasəti, ümummilli lider Heydər Əliyevin zəngin irsi barədə faktoqrafik elektron resurslar hazırlayıb istifadəçilərə təqdim edir. Humanizm, məhəbbət, mənəvi kamillik kimi ümumbəşəri dəyərləri təbliğ edən Rusiya klassiklərinin əsərləri həmişə oxunaqlı olmuşdur. Bu baxımdan, hədiyyə edilən böyük kolleksiya kitabxananın gələcək fəaliyyətinə kömək edəcəkdir.
Səfir V. İstratov bildirmişdir ki, Prezident kitabxanasına kitablar ilk dəfə təqdim olunur və təcrübə göstərir ki, oxucusunu tapacaqdır. Onun sözlərinə görə, kitabların siyahısı formal məntiq əsasında tərtib edilmişdir. Gələcək əməkdaşlıq isə tələbat və təklif prinsipinə uyğun qurulacaqdır.
Mərasimin sonunda V. İstratova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən yeni kitablar təqdim edilmiş, səfir Prezident Kitabxanasının fondu ilə tanış olmuşdur.
AZƏRTAC.- 2008.- 18 mart.