Prezident Kitabxanasında görkəmli kitabxanaşünas alimlə görüş keçirilib

Dünən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli elm və təhsil xadımı, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix üzrə elmlər doktoru Abuzər Xələfovla onun 85 illik yubileyi ərəfəsində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, bu gün Azərbaycan kitabxanaçılarının mütləq əksəriyyəti Abuzər Xələfov məktəbinin yetirmələridir.

"Abuzər Xələfovun təşəbbüsü ilə 1962-ci ildə universitetin Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir"-deyə qeyd edən M.Əhmədov, həmçinin xatırladıb ki, A.Xələfov 1963-cü ildən son vaxtlaradək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib: "Abuzər Xələfov keçmiş SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk doktorluq dissertasiyası işini müdafiə edib. O, uzun illər ərzində Moskvada fəaliyyət göstərən doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü olub".

Kitabxananın direktoru qeyd edib ki, A.Xələfovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Şöhrət" ordeni ilə, "Əməkdar elm xadimi", "Əməkdar mədəniyyət işçisi" kimi fəxri adlarla təltif edilib.

"Abuzər müəllim, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Hazırda o, Kitabxanaşünaslıq kafedrasının məsləhətçi-professoru kimi öz bilik və təcrübəsini müəllim və tələbələrlə bölüşür"-deyə M.Əhmədov bildirib.

Qonaqlar adından M.F.Axundov adına Milli Kitabxananın direktor müavini Mələkxanım Hacıyeva, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimləri, dosentlər Sevda Quliyeva və Rasim Süleymanov, Xətai rayonu Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Oruc Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Prezident Kitabxanasının sektor müdiri Əliyusif Məmmədov çıxış edərək Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsindəki təqiqatlarından, ölkəmizdə kitabxanaçılar ordusunun yetişdirilməsində göstərdiyi fədakar əməyindən, xeyirxah əməllərindən bəhs edərək, onu Azərbaycan kitabxanaçılarının patriarxı kimi xarakterizə ediblər.

Tədbirin sonunda yubiliyar onun əməyinə verilən böyük diqqətə görə təşəkkürünü bildirərək, öz həyat yolu barəsində görüş iştirakçılarına ətraflı məlumat verib, xatirə şəkilləri çəkdiriblər.

Rövşən RƏSULOV

 


Səs.-2016.-18 noyabr.-№212.-S.8.