Heydər Əli̇yev. Xronologi̇ya. (1923-2003)
Prezi̇dent ki̇tabxanasında Heydər Əli̇yevi̇n həyat və fəali̇yyəti̇ni̇n xronologi̇yası tərti̇b edi̇lmi̇ş və onun elektron versi̇yası hazirlanmışdır
AzərTAc xəbər verir ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən mərhələ, Vətənimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəliş illəri Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Bir qərinəlik bu dövr Azərbaycan tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Bu illərdə Heydər Əliyevin dəst-xətti ilə Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhəfələr yazılmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir. Heydər Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi üçün öncə onun həyat və fəaliyyətinin bütün sahələrinin araşdırılmasına ehtiyac vardır. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası Heydər Əliyevin həyat və fəaliyyətinin xronologiyasını tərtib etmiş və onun elektron versiyasını www.preslib.az saytı vasitəsilə istifadəçilərə təqdim etmişdir.
Prezident Kitabxanası yarandığı vaxtdan etibarən ümummilli liderin həyat və fəaliyyətinin bütün sahələrinə dair sənədlərin toplanması və həmin sənədlərin elektron variantının hazırlanması istiqamətində sistemli iş aparır. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ərəfəsində istifadəçilərə təqdim edilən bu xronologiya kitabxananın əməkdaşlarının üzərində işlədikləri “Heydər Əliyevin həyat və fəaliyyətinin salnaməsi” adlanan böyük bir layihənin birinci mərhələsini əhatə edir.
Xronologiyanın hazırlanması zamanı ümummilli liderimizin ötən əsrin 80-ci illərində SSRİ rəhbərliyində təmsil olunduğu və 90-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrlərdə həyat və fəaliyyətinin ən önəmli məqamlarına diqqət yetirilmiş, müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) isə onun gündəlik fəaliyyətinin tam xronologiyası öz əksini tapmışdır.
Layihənin ikinci mərhələsi ümummilli liderin Prezidentliyi dövründə fəaliyyətinin mühüm sahəsi olan xarici ölkələrə səfərləri, keçirdiyi çoxsaylı görüşləri və qəbulları zamanı, həmçinin müxtəlif tədbirlərdə etdiyi çıxışların, nitqlərin, məruzələrin, bəyanatların, müsahibələrin tam mətnlərinin elektron versiyasının hazırlanmasını nəzərdə tutur. Bu istiqamətdə xeyli iş görülmüş, həmin sənədlərin elektron mətnlərinin bir hissəsi artıq kitabxananın saytında yerləşdirilmişdir. Heydər Əliyev irsinin toplanıb saxlanılmasını, gələcək nəsillərin ondan istifadəsini təmin etmək məqsədi ilə kitabxananın kollektivi bütün səylərini səfərbər etmişdir.
AZƏRTAC.-2007.-8 may.