Türk xalqlarının kitab abidələri elektron formatda
Oktyabrın 8-də Prezident Kitabxanasında “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” adlı elektron resursun təqdimatı olub. Kitabxananın direktoru Mayıl Əhmədov elektron resurs barədə məlumat verib.
Bildirib ki, əməkdaşlar türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlayıb, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraq bu resursu yaradıblar.
Direktor qeyd edib ki, bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.
Elektron resursun əsas bölməsi “Ümumtürk yazılı abidələri” adlanır. Burada “Kül-Tegin: Orhun- Yenisey Yazıtları” kitabəsi, “Bilqamıs” dastanı, Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”, Əhməd Yasəvinin “Divani-hikmət”, Fəzlullah Rəşidəddinin “Oğuznamə” əsərlərinin və “Kitabi-Dədə Qorqud”un elektron variantları bir neçə dildə verilib.
“Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və s. türk dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur.
Toplunun üçüncü bölməsində ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri, monoqrafiyaları və ensiklopediyaların elektron variantları verilib. Dördüncü bölmədə ayrı-ayrı elmi və ədəbi-bədii nəşrlərdən seçmə məqalələr yer alıb.
Elektron resursun tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən biri də türkdilli xalqların kitab abidələri və folklor nümunələrinə aid müxtəlif dillərdə yazılmış kitabların və dissertasiyaların biblioqrafiyasıdır.
Mədəniyyət.-2015.-9 oktyabr.-№ 78.-S.13.