Zəngin mənəviyyata, yüksək intellektə və insani keyfiyyətlərə malik olan, milyonların xatirəsində yaşayan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron resursu bu gün istifadəçilərin ixtiyarına verilib.

Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından bildirilib.

Azərbaycan xalqına mənsub elə qadın simalar vardır ki, onlar heç vaxt unudulmur, xatirələri həmişə yad edilir və əziz tutulur. Belə qadın şəxsiyyətlərdən daha çox xatırlanan və yad edilən simalardan biri də Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyevanın simasında övladlıq məsuliyyəti, ömür-gün sədaqətliliyi, müqəddəs analıq məsuliyyəti, alim-həkim məsuliyyəti, xeyirxahlıq missiyası və dövrünün birinci xanım məsuliyyəti yüksək səviyyədə öz təsdiqini tapıb.

Təqdim edilən elektron resursda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilib.

Resursda materiallar 8 bölmədə qruplaşdırılıb. Elektron nəşrin “Bioqrafiya” bölməsində Zərifə xanım Əliyeva və onun ailə üzvləri barəsində qısa məlumat verilib, həmçinin Zərifə xanımın elmi və ictimai sahədə fəaliyyətinin mühüm məqamları öz əksini tapıb. Akademik Zərifə Əliyevanın keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, “Вестник офтальмологии” (“Oftalmologiya xəbərləri”) jurnalının redaksiya heyətinin üzvü kimi ictimai fəaliyyəti də bu bölmədə işıqlandırılıb.

 

“Xronologiya” bölməsində isə bir alim kimi, onun keçdiyi həyat yolu, oftalmologiya sahəsində əldə etdiyi uğurlar ardıcıllıqla təqdim olunub.

“Rəsmi sənədlər” bölməsində Zərifə xanım Əliyeva haqqında sənədlər yerləşdirilib. “Xatirəsinin əbədiləşdirilməsi” bölməsində isə həm ölkə daxilində, həm də xarici ölkələrdə xatirəsinə ucaldılan abidələr, adının verildiyi təsisatlar, salınan parklar, adına verilən küçələr haqqında məlumatlar illər üzrə və xronoloji ardıcıllıqla əksini tapıb.

“E-Kitablar” bölməsində Azərbaycan və rus dillərində onun müəllifi olduğu və haqqında yazılan kitabların e-versiyaları toplanılıb. “E-Məqalələr” bölməsində isə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin məqalələrinin Azərbaycan və rus dillərində elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində əsərlərinin, haqqında yazılan kitab və məqalələrin Azərbaycan, ingilis və rus dillərində biblioqrafik təsviri verilib.

“Fotoqalereya” bölməsində Zərifə xanımın həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanılıb.

Elektron resursun (https://zarifaaliyeva.preslib.az/) materialları müntəzəm olaraq yenilənir.

AZƏRTAC
2023, 25 aprel